ELM VƏ TƏHSİL
Avqust ayında təhsilverənlərin sertifikatlaşdırılmasının test imtahanı mərhələsi təşkil olunacaq
Bakı, 9 iyun, AZƏRTAC
İyul ayında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı qeydiyyat prosesinə start veriləcək. Avqust ayında isə test imtahanı mərhələsi təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan resursları mərkəzinin direktoru Nurlan İsmayılbəyli media nümayəndələri ilə görüşdə deyib. O bildirib ki, test imtahanı 8 mərkəzdə keçiriləcək. Sertifikatlaşdırma prosesinə ilkin olaraq 10 mindən çox müəllimin cəlb edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, sertifikatlaşdırma prosesinin məqsədi ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir.
Sertifikatlaşdırma prosesinə birinci mərhələdə ibtidai təhsil səviyyəsi üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən Regional Təhsil idarələrinə tabe olan, həmçinin Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimlərinin cəlb olunması nəzərdə tutulur. Nəticələr təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınacaq. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikasiya üçün tələb olunan minimum balı toplamayan şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malik olacaqlar.
İki mərhələdən (test və müsahibə mərhələsi) ibarət olan sertifikatlaşdırmada ilk dəfə işə qəbul olunanlar (5 il müddətində), hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər) iştirak etməyəcəklər.