İQTİSADİYYAT
Avqustda “195-2” Çağrı Mərkəzinə 1800-dək müraciət olub
Bakı, 10 sentyabr, AZƏRTAC
Ötən ay İqtisadiyyat Nazirliyinin “195-2” Çağrı Mərkəzinə 1800-dək müraciət olub.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avqust ayında Çağrı Mərkəzinə daxil olan müraciətlərin 700-dən çoxu canlı rejimdə birbaşa, digər hissəsi isə səsli menyu vasitəsilə cavablandırılıb. Müraciətlər əsasən, lisenziyaların verilməsi, güzəştli kreditlərdən istifadə qaydaları, sahibkarlıq fəaliyyəti, istehlakçıların hüquqlarının müdafiəsi, qrant müqavilələrin (qərarların) qeydə alınması, investisiya təşviqi və təsdiqedici sənədlərin verilməsi, eləcə də nazirliyin səlahiyyətlərinə aid digər məsələləri əhatə edib.
Çağrı Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər isə nazirliyin aidiyyəti strukturları tərəfindən araşdırılmaqla qanunvericiliyə uyğun tədbirlər görülüb və müraciət edən şəxslərə cavab verilib.
Ümumilikdə isə, fəaliyyətə başladığı 2009-cu ildən indiyədək “195-2” Çağrı Mərkəzinə 80 minə yaxın müraciət daxil olub.