SİYASƏT
“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi əlil uşaqlar üçün bayram tədbiri təşkil etmişdir
Abşeron, 3 dekabr (AZƏRTAC). Dekabrın 3-də Beynəlxalq Əlillər Günü münasibətilə “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin (İB) təşkilatçılığı ilə Saray qəsəbəsindəki 7 saylı əlil uşaqlar üçün internat evində bayram tədbiri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatı, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin rəhbəri Qənirə Paşayeva tədbir iştirakçılarını Beynəlxalq Əlillər Günü münasibətilə təbrik etmiş, əlillərə qayğının daim dövlətimizin diqqət mərkəzində olduğunu bildirmişdir. Qeyd etmişdir ki, Azərbaycan BMT və Avropa Şurasının (AŞ) əlillərin hüquqları ilə bağlı konvensiyalarına qoşulmaqla yanaşı, bu məsələni özünün dövlət prioritetləri sırasına daxil etmişdir.
Qənirə Paşayeva əlilliyin qarşısının alınması, onların reabilitasiyası, sosial müdafiələrinin gücləndirilməsi, həyat şəraitlərinin yaxşılaşdırılması və digər istiqamətlərdə çoxlu sayda dövlət proqramlarının həyata keçirildiyini demişdir. O, uşaqlar arasında xəstəliklərin, əlillik hallarının qarşısının alınmasında, onların cəmiyyətə inteqrasiyasında, bu qəbildən olan insanlara xüsusi qayğı göstərilməsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi vurğulamışdır. Bildirilmişdir ki, Fondun yaxından köməyi ilə əlillər üçün müasir avadanlıqla təchiz olunmuş mərkəz tikilmiş, diabetdən əziyyət çəkən uşaqlarla bağlı ciddi layihələr həyata keçirilmişdir.
İkiqat Paralimpiya çempionu İlham Zəkiyev, London Paralimpiya Oyunlarının qalibi Ramin İbrahimov və digərləri fiziki cəhətdən qüsurlu olmalarından heç vaxt utanmadıqlarını bildirmiş və onlara göstərilən gündəlik dövlət qayğısından danışmışlar.
Tədbir incəsənət ustalarının ifasında konsert proqramı və əyləncəli nömrələrlə davam etmişdir.
Sonda internat evinin sakinlərinə hədiyyələr təqdim olunmuşdur.