CƏMİYYƏT
Avrasiya Media Şəbəkəsi ilə Litvanın “Alkas.It” internet portalı arasında media sahəsində əməkdaşlığa dair saziş imzalanıb
Bakı, 1 sentyabr, AZƏRTAC
Sentyabrın 1-də Avrasiya Media Şəbəkəsi ilə Litvanın məşhur “Alkas.It” internet portalı arasında media sahəsində birgə əməkdaşlığa dair saziş imzalanıb.
AZƏRTAC xəbər verir ki, sazişi Avrasiya Media Şəbəkəsinin təsisçisi, BAMF-in sədri Umud Mirzəyev və Litva Jurnalistlər İttifaqının vitse-prezidenti, “Alkas.It” internet portalının həmtəsisçisi Audris Antanaytis imzalayıblar.
Sənədin əhəmiyyəti və məqsədi barədə məlumat verən U.Mirzəyev qeyd edib ki, saziş media sahəsində birgə əməkdaşlıq üçün yeni imkanlar açacaq.
“Eurasia Media Network”ün BAMF-in təsisçiliyi ilə yaradıldığını bildirən sədr vurğulayıb ki, şəbəkənin əsas məqsədi regionumuzda və ümumiyyətlə, Avrasiya məkanından, obyektiv informasiyanın bir neçə dildə dünyaya yayılmasını, sosial-iqtisadi, geopolitik məsələlərin dünyanın tanınmış ekspertləri tərəfindən təhlil və araşdırmalar aparılmaqla işıqlandırılmasını və ən əsası Azərbaycanın Avrasiya məkanında geniş təqdim edilməsini, nəşrlərin hazırlanmasını, xarici media şəbəkələrində ölkəmizlə bağlı dəqiq informasiyaların yayımlanmasını təmin etməkdir.
Umud Mirzəyev, həmçinin “Alkas.lt” internet portalının redaktoru - Audris Antanaytisin və həmin media orqanının fotoqrafı Arunas Sartanaviçüsün Azərbaycandakı görüşləri barədə danışıb. Qeyd edilib ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə obyektiv və qərəzsiz çatdırılmasında bu cür səfərlərin əhəmiyyəti böyükdür.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həllinin vacibliyini qeyd edən Audris Antanaytis münaqişənin beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalmasının təəssüf doğurduğunu bildirib.
İmzalanan sənədlə bağlı fikirlərini bölüşən Audris Antanaytis deyib: “Avrasiya Media Şəbəkəsi ilə birgə əməkdaşlıq sazişindən sonra Azərbaycanda baş verən hadisələr və Dağlıq Qarabağ münaqişəsində dair informasiyaları daha operativ və etibarlı mənbələrə əsasən yayımlayacağıq”.