DÜNYA
Avro-2012-nin şərəfinə “kral” saatı
Bakı, 12 aprel (AZƏRTAC). İdman dünyasının əlamətdar hadisəsi - 2012-ci ilin Avropa çempionatına çox az vaxt qalmışdır. İsveçrənin saat brendi Hublot bu tədbirin şərəfinə özünün “King Power” (Kral hakimiyyəti) xronoqrafının xüsusi modifikasiyalarını hazırlamışdır.
UEFA Avro-2012 saatları iki variantda hazırlanmışdır. Qızıl və keramikadan hazırlanmış birinci modeldə Ukrayna bayrağının rənglərindən istifadə olunmuşdur. Titan və keramikadan yaradılmış ikinci modelin rəng palitrası Polşa bayrağına bənzədilmişdir. Rəng seçimi Avro-2012-nin Ukrayna və Polşada keçiriləcəyinə işarədir.
Bundan əlavə, diametri 48 millimetr olan xronoqrafda futbolu xatırladan başqa detal - 9 rəqəminin qarşısında 45 dəqiqəlik mini-siferblat yer almışdır. Xatırladaq ki, bir taym 45 dəqiqə sürür.
Kral saatlarının korpusunun o biri üzü UEFA və Avro-2012-nin loqotipləri ilə bəzədilmişdir. Hər biri 26 min avro olan 240 Ukrayna, hər biri 14 min avro olan 500 Polşa xronoqrafı hazırlanmışdır. “King Power”in xüsusi versiyasının satışından əldə olunan gəlirin bir hissəsi xeyriyyə işlərinə xərclənəcəkdir.
Kral saatlarının təqdimatı bu həftənin əvvəlində Kiyevdə, “Olimpiyski” idman kompleksində olmuşdur. Təqdimat mərasimində Hublotun başçısı Jan-Klod Biver və UEFA rəhbərliyinin nümayəndələri iştirak etmişlər.