CƏMİYYƏT
Avropa Azərbaycanlıları Konqresi təcavüzkar Ermənistanın sülh prosesinə əngəl yaratmasının narahatlıq doğurduğunu bəyan edib
Bakı, 15 sentyabr, AZƏRTAC
Avropa Azərbaycanlıları Konqresi (AAK) ölkəmizin dövlət sərhədində Ermənistanın genişmiqyaslı təxribatı ilə əlaqədar nüfuzlu beynəlxalq təşkilatlara müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Avropada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları adından Avropa Komissiyasına, Avropa Parlamentinə, Avropa Birliyinə və Avropa Şurasına ünvanlanan bəyanatda Ermənistan silahlı qüvvələri bölmələrinin sentyabrın 12-də gecə saatlarından başlayaraq törətdikləri hərbi təxribat barədə ətraflı məlumat verilib. Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü vurğulanıb.
Diqqətə çatdırıb ki, Azərbaycan əsilli avropalılar yaranmış vəziyyətə görə dərin narahatlıq hissi keçirir. Çünki beynəlxalq hüququn normalarına məhəl qoymayan Ermənistanın Cənubi Qafqaz bölgəsində normallaşma və sülh prosesinə hər vəchlə mane olmağa çalışdığı açıq-aşkar ortadadır.
AAK beynəlxalq qurumları Ermənistanın təcavüzkarlıq siyasətinə, revanşizm ideyalarına birdəfəlik son qoyulması və sülhə sövq edilməsi istiqamətində rəsmi İrəvana təzyiqləri gücləndirməyə çağırıb.