DÜNYA
Avropa demoqrafik böhranın astanasındadır
Bakı, 7 sentyabr (AZƏRTAC). Beynəlxalq Əmək Təşkilatının (BƏT) başçısı Qay Rayder bildirmişdir ki, gənclər arasında işsizliyin səviyyəsinin yüksək olması və hakimiyyət orqanlarının bu problemin qarşısında aciz qalması səbəbindən Avropa ciddi demoqrafik böhranın astanasındadır.
BƏT-in başçısı hesab edir ki, “Böyük iyirmilik” ölkələrinin liderləri diqqəti dünya iqtisadiyyatını canlandırmaq üzərində cəmləşdirməlidirlər. O xatırlatmışdır ki, təşkilatın hesablamalarına görə, “Böyük iyirmilik” ölkələrində 93 milyon adam işsizdir. Bu problemin həll edilməməsi ciddi mənfi nəticələrə gətirib çıxara bilər.
Rayder bildirmişdir ki, inkişaf etmiş ölkələr arasında işsizlik problemi Avropa regionunda xüsusilə kəskindir. Aİ ölkələrində gənclər arasında işsizlik BƏT-in başçısını ciddi narahat edir, çünki bu fenomenin ciddi mənfi nəticələri ola bilər.
“Avropada işsizliyin orta səviyyəsi ilə müqayisədə gənclər arasında işsizliyin səviyyəsi iki-üç dəfə artmışdır. Gənclər üçün yeni iş yerləri yarada bilməsək, qorxuram, demoqrafik bomba ilə üzləşəcəyik”.
Q.Rayder bildirmişdir ki, Avropada əhalinin qocalması prosesi gələcəkdə proqnozlaşdırılan doğumun azalması fonunda davam edəcəkdir.
“Eurostat” agentliyinin son hesablamaları göstərir ki, 2012-ci ilin yekunlarına görə, Avropada gənclər arasında işsizliyin orta səviyyəsi işsizliyin bu qitədə ümumi səviyyəsindən 2,6 dəfə yüksək olmuşdur.
Bəzi ölkələrdə bu göstərici daha yüksəkdir. Məsələn, Yunanıstanda gənclər arasında işsizliyin səviyyəsi 62 faizi, İspaniyada 56 faizi, Xorvatiyada 55 faizi, Portuqaliyada 42 faizi keçmişdir.