SİYASƏT
AVROPA İLƏ İSLAM DÜNYASI ARASINDA MÜNASİBƏTLƏRİN MÖHKƏMLƏNMƏSİ MARAQLARIMIZA CAVAB VERİR
Bakı, 18 fevral (AZƏRTAC). Azərbaycan Prezidenti İlham Əliyev “Bakı - İslam mədəniyyətinin paytaxtı-2009” mədəniyyət ilinin təntənəli açılışı mərasimindəki nitqində demişdir ki, ölkəmizdə İslam Konfransı Təşkilatı, İSESKO və Avropa strukturlarının xətti ilə çoxsaylı tədbirlər keçirilir. Bu, çox önəmlidir. Avropa ilə İslam dünyası arasında olan münasibətlərin möhkəmlənməsi maraqlarımıza cavab verir.
“Azərbaycan müstəqil ölkə kimi öz siyasəti, praktiki işləri ilə İslam aləminin bir-birinə daha da yaxın olmasına, İslam həmrəyliyinin daha da möhkəmlənməsinə çalışır”, - deyən Prezident İlham Əliyev vurğulamışdır ki, buna böyük ehtiyac var və biz bir-birimizi dəstəkləməli, iqtisadi, siyasi sahədə sıx əməkdaşlıq etməliyik. İslam ölkələri arasında qarşılıqlı ticarət aparılmalıdır. Siyasi müstəvidə, beynəlxalq təşkilatlarda, Birləşmiş Millətlər Təşkilatında İslam ölkələrinin birliyi, həmrəyliyi çox böyük əhəmiyyət daşıyır. Bizim birgə təşəbbüslərimiz bir məqsəd güdür: dünyada sülh, təhlükəsizlik, əmin-amanlıq təmin olunsun. Dünyada müharibələr olmasın və sivilizasiyalar arasında aparılan dialoq daha da möhkəmlənsin və onun daha da yaxşı nəticələri olsun. Azərbaycanın bu işlərdə rolu getdikcə artmaqdadır.