DÜNYA
Avropa İttifaqı məmurları tətillərə hazırlaşırlar
Vyana, 5 may (AZƏRTAC). Gələn həftə Avropa İttifaqı (Aİ) məmurları tətil etməyi palnlaşdırırlar. Buna səbəb onların iş həftəsinin 2,5 saat uzadılaraq 40 saata çatdırılması və təqaüd yaşının 67 yaşa kimi artırılması ilə bağlı Avropa Komissiyası tərəfindən təklif olunmuş dəyişikliklərdir.
Brüsseldə 3 mindən artıq qulluqçu və məmuru öz ətrafında birləşdirən „Union Syndicale“ həmkarlar təşkilatından bildirilmişdir ki, maaşlarda bu qədər azalma „heç Yunanıstanda da baş verməmişdir“. Təşkilat təkliflərin ləğv edilməyəcəyi təqdirdə, mayın 7-də birgünlük tətil keçirəcəklərini elan etmişdir.
Aİ-nin məmurları sonuncu dəfə bu ilin əvvəlində əmək şəraiti və əməkhaqqı sahəsində aparılacaq və onların vəziyyətinə mənfi təsir göstərən islahatlara etiraz olaraq tətil etmişdilər. Aİ Şurasının prezidenti Herman van Rompeyin təklifinə görə, 2014-2020-ci illər üçün çərçivə büdcədə Aİ-nin illik inzibati xərcləri 63,2 milyard avrodan 62,6 miyard avroya endirmək üçün bir sıra islahatlar həyata keçirilməlidir. Təkliflərə həftəlik iş saatının və təqaüd yaşının artırılması, yaxın illərdə Aİ məmurlarının beş faizinin ixtisar olunması daxildir.
Aİ-nin məmur və qulluqçularının maraqlarını təmsil edən həmkarlar təşkilatları Avropa Komissiyasına may ayının əvvəlindən iyun ayının sonunadək tətillərin keçiriləcəyinə dair xəbərdarlıq məktubları ilə müraciət etmişlər.
Qeyd edək ki, Aİ-nin qurumlarında (Avropa İttifaqının Şurası, Avropa Komissiyası və Avropa Parlamenti) ümumilkdə 48 min nəfər çalışır.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana