İQTİSADİYYAT
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Bərdə rayonunda olmuşdur
Bərdə, 26 aprel (AZƏRTAC). Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia, Almaniyanın və İtaliyanın ölkəmizdəki səfirlərinin müavinləri Volfqanq Mössinger və Culia Gilotti, eləcə də Aİ-nin respublikamızda həyata keçirdiyi bir sıra layihənin rəhbərləri Bərdə rayonunda olmuşlar.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətində keçirilən görüşdə Avropa İttifaqının maliyyə dəstəyi ilə Bərdə rayonunda həyata keçirilən “İctimai xidmətlərin çatdırılması” və “Məsuliyyətli yerli inzibatçılıq vasitəsilə sağlam icmaların inkişafı” layihələrinin nəticələrindən danışılmış və həyata keçirilməsi mümkün olan sosial layihələr müzakirə edilmişdir.
Məlumat verilmişdir ki, rayonun Əliyanlı kəndində həyata keçirilən “İctimai xidmətlərin (təmiz su təchizatı) çatdırılması” layihəsinin icrasına 2010-cu ildə başlanılmışdır. Layihə çərçivəsində kənddə 130 abonenti əhatə edən içməli su şəbəkəsi tikilmiş, subartezian quyusu qazılmış, 25 tonluq su çəni qoyulmuşdur.
Xəsili kəndində “Məsuliyyətli yerli inzibatçılıq vasitəsilə sağlam icmaların inkişafı” layihəsinə uyğun olaraq tibb məntəqəsi inşa edilmiş, buraya və məktəbə içməli su xətti çəkilmişdir. Xəsili kəndinin icma üzvləri əsaslı tibbi sığorta modelinə üzv olmaları hesabına ilkin səhiyyə xidmətindən bəhrələnirlər.
Görüşdən sonra qonaqlar Əliyanlı kəndində subartezian quyusunun açılışında iştirak etmiş, Xəsili kəndində tibb məntəqəsinin fəaliyyəti ilə tanış olmuşlar.