DÜNYA
Avropa Komissiyası Avropa İttifaqının yeni üzvləri ilə tərəfdaşlıq haqqında Sazişə iradları olduğunu bildirmişdir
Praqa, 9 iyul (AZƏRTAC). Çexiyada çıxan “Mladá fronta Dnes” qəzetinin verdiyi məlumata görə, Avropa Komissiyası tərəfdaşlıq haqqında Saziş barədə 88 bənddən ibarət iradları olduğunu bildirmişdir. Həmin Sazişdə Aİ-yə yaxın vaxtlarda qəbul olunmuş üzvlərin Avropa fondlarından ayrılan dotasiyalar barəsində necə sərəncam verməli olduqlarını müəyyən edilir. Söhbət, o cümlədən Çexiyanın 2014-2020-ci illərdə ümid bəslədiyi 20 milyard avrodan gedir.
Brüsseldə qeyd edilən nöqsanlar ekologiya, energetika, nəqliyyat, təhsil və başqa sahələrə sərmayə qoyulması planlarına aiddir. Məsələn, Komissiya Çexiyadan konkret sərmayə qoyuluşlarının zəruri olmasını izah edən dəqiq məlumatların göstərilməsini tələb edir. Energetika sahəsində Brüssel israr edir ki, Çexiya dövləti bioloji qaz yanacağı ilə işləyən stansiyalar tikintisinə sərmayə qoyulması planlarını əsaslandırsın.
Çexiya ilə Brüssel arasında Tərəfdaşlıq Haqqında Saziş iki il ərzində hazırlanmışdır. Avropa Komissiyası həmin Sazişin son versiyasını Çexiya hökumətindən bu il aprelin 17-də, yəni müvafiq sənədin təqdim edilməsinin son müddətindən dörd gün əvvəl qəbul etmişdir. Qəzetin fikrincə, Çexiya Avropa Komissiyasının bütün iradlarını bu il təmin etmək iqtidarında deyildir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa