DÜNYA
Avropa Məhkəməsi Macarıstan, Çexiya və Polşanı ittiham edib
Berlin, 2 noyabr, AZƏRTAC
Avropa Məhkəməsinin baş vəkili bəyanatla çıxış edərək, Macarıstan, Çexiya və Polşanı növbəti dəfə ittiham edib. İttihama görə, bu ölkələr öz paylarına düşən qaçqınların qəbul edilməsi məsələsində Avropa İttifaqı qarşısındakı öhdəliklərini yerinə yetirmirlər.
AZƏRTAC xəbər verir ki, bu üç Şərqi Avropa ölkəsi uzun müddətdir ki, Aİ-yə gələn qaçqınları öz ərazilərində yerləşdirməkdən imtina edirlər.
Xatırladaq ki, 2015-ci ildə Brüssel İtaliya və Yunanıstana toplaşan 160 min miqrantın kvotalar üzrə paylanmasını təklif edib. Lakin adıçəkilən üç ölkə təhlükəsizlik mülahizələrinə, təşəkkül tapmış etnik demoqrafiyanın və cəmiyyətlərin özünəməxsusluğunun qorunub saxlanılmasının vacibliyinə əsaslanaraq, yükü Aİ üzrə tərəfdaşlarla bölüşməkdən imtina edib.
Avropa Məhkəməsi Macarıstan, Çexiya və Polşanın qərarını tənqid etməklə yanaşı etiraf edib ki, Aİ-də milli suverenlik sahəsində maraqların legitimliyi mövcuddur. Lakin baş vəkil hesab edib ki, bu maraqları daha zəif ayrı-seçkilik tədbirləri ilə müdafiə etmək olar.
Tezliklə Lüksemburqda bu üç ölkənin mövqeyinə dair qəti qərar qəbul ediləcək.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin