AVROPA ŞURASI QLOBAL MƏSƏLƏLƏRİN HƏLLİNƏ ÇALIŞMALIDIR
Strasburq, 26 yanvar (AZƏRTAC). Yanvarın 26-da Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası öz işini davam etdirmişdir.
Sessiyada əvvəlcə Yaxın Şərqdə vəziyyətə dair məsələ müzakirə olunmuşdur. Məruzə və çıxışlarda İsrailin Qəzzə sektorunu işğalı nəticəsində bölgədə təhlükəli vəziyyətin yarandığı, silahlı münaqişənin minlərlə günahsız insanın məhvinə səbəb olduğu, Həmas təşkilatının Fələstin hökumətinin təşəkkülünə ciddi maneçilik törətdiyi, 300 milyonluq ərəb dünyasının Fələstində baş verən hadisələrə seyrçi münasibət gösərməsi qeyd edilmişdir.
Parlament Assambleyası Yaxın Şərqdə sülhün bərqərar olması üçün imkanların tükənmədyini diqqətə çatdırmış, münaqişə tərəflərini problemin həlli üçün masa arxasında danışıqlar aparmağa, Amerika və Rusiya kimi dövlətləri regionda sülhün bərqərar olması naminə öz təsir vasitələrindən istifadə etməyə çağırmışdır.
Yunanıstanın baş naziri G.Papandreu çıxışında demişdir ki, Avropa Şurası insan hüquqları, demokratiya və qanunun aliliyi kimi yüksək prinsiplərin əldə edilməsində çətin və uğurlu bir yol keçmişdir. Avropa Şurasının prinsiplərinin quruma üzv ölkələrin hər biri üçün əsas amil olduğunu xatırladan baş nazir, qloballaşan dünyada maliyyə böhranı, iqlim dəyişkənliyi və digər problemlərin aradan qaldırılmasında bütün ölkələri birgə fəaliyyətə dəvət etmiş, bu sahədə Avropa Şurasının üzərinə xüsusi məsuliyyət düşdüyünü bildirmişdir.
Baş nazir deputatların ona ünvanladığı suallara cavab vermişdir.
Fasilədən sonra Bosniya və Herseqovinada demokratik təsisatların fəaliyyəti müzakirə edilmişdir.
İtaliyanın xaici işlər naziri Franco Frattini ölkəsinin xarici siyasəti barədə məlumat vermiş, yaxın qonşularla mehriban və dostluğun onlar üçün əsas prioritet olduğunu diqqətə çatdırmışdır.
Sessiyada BMT-nin qadın və uşaq məsələləri üzrə xüsusi nümayəndəsi Coy Nqozi Ezeionun çıxışı maraqla qarşılanmışdır. O, yoxsul ölkələrdə aclıq probleminin, münaqişə bölgələrində yaranmış təhlükəli vəziyyətin qadın və uşaqların həyatı üçün ağır və dözülməz şərait yaratdığını, xüsusilə Afrikada mövcud böhranın getdikcə dərinləşdiyini vurğulamış, qitədə milyonlarla uşağın təhsildən təmamilə uzaqlaşmasının, onların ağır işlərə cəlb edilməsinin, qadınların zorakılıqlara məruz qalmalarının demoqrafik inkişafı ləngidən əsas amil olduğunu bildirmişdir. BMT-nin nümayəndəsi mövcud qlobal problemlərin aradan qaldırılması üçün beynəlxalq təşkilatları, o cümlədən Avropa Şurasını öz imtiyazlarından istifadə etməyə çağırmışdır.
Bununla da sessiya ikinci iş gününü başa vurmuşdur.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq