SİYASƏT
Avropa Şurasında Ermənistanın mafiya qaydaları ilə idarə olunduğu bəyan edilmişdir
Strasburq, 8 aprel (AZƏRTAC). Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının ikinci iş günündə qurumun insan haqları komissarı Nils Muiznieks hesabat məruzəsi ilə çıxış etmişdir. Daha sonra komissar bir sıra Avropa ölkələrindən olan deputatların insan haqları ilə bağlı qaldırdığı aktual sualları cavablandırmışdır.
İnsan haqları komissarı N.Muiznieksə Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov da sual vermişdir. Ermənistanda insan haqlarının kütləvi şəkildə pozulduğunu söyləyən R.Hüseynov komissardan soruşmuşdur: “Bir dövlətin başqa bir dövlətin ərazilərini zəbt etməsi pis hadisədir. Amma bu cür işğalçı təbiətli bir dövlətin həm də öz xalqını işğal etməsi ikiqat dəhşətlidir. Ermənistan dövləti son 20 ildən artıq müddətdə yalnız Azərbaycana qarşı deyil, həm də öz xalqının əleyhinə təcavüz siyasəti aparır. Nəticə də ondan ibarətdir ki, Ermənistan faktiki olaraq müstəqilliyini itirmiş, kənardan idarə olunan forposta çevrilmişdir. Beynəlxalq təşkilatlardan illərdən bəri real kömək görə bilməyən Azərbaycan öz problemini özü həll edəcəkdir və bunun üçün artıq kifayət qədər imkanları vardır. Lakin məni narahat edən köhnə qonşumuz, öz dövlətinin apardığı cinayətkar siyasətin girovuna çevrilmiş erməni xalqının çətin taleyidir.
Sizdən soruşmaq istərdim – ölkəni mafiya qaydaları ilə idarə edənlər tərəfindən müstəqil olmaq haqqı əlindən alınan yüz minlərlə erməni vətəndaşının hüquqlarını qorumaq üçün hansı konkret addımlar atılmasını mümkün hesab edirsiniz?”
Avropa Şurası insan haqları komissarı Rafael Hüseynovun sualının cavabında bildirmişdir ki, bu sorğu daha əvvəl Ermənistandakı vəziyyətlə əlaqədar bəyanat səciyyəsi daşıyır. O, əlavə etmişdir ki, Ermənistana səfəri planlaşdırılır və bu səfər əsnasında insan haqları ilə əlaqədar böyük problemlər dairəsini təfərrüatlı şəkildə araşdırmaq niyyətindədir. Komissarın qənaətincə, üzv ölkələrin hər biri Avropa Şurasının təqdir etdiyi dəyərlərə sadiq olmalı və onları ardıcıl şəkildə həyata keçirməlidir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq