SİYASƏT
AVROPA ŞURASININ BAŞ KATİBİ VALTER ŞVİMMERİN AZƏRBAYCANA SƏFƏRİ
AZƏRBAYCAN İLƏ AVROPA ŞURASININ ƏLAQƏLƏRİ YÜKSƏLƏN XƏTLƏ İNKİŞAF EDİR
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, qonağı səmimi salamlayan nazir Elmar Məmmədyarov Valter Şvimmerin ölkəmizə səfərini Avropa Şurası ilə Azərbaycan arasında əlaqələrin yüksələn xətlə inkişafına xidmət edən amil kimi dəyərləndirdi. Azərbaycanın Avropa Şurasına üzv olduğu ildən qarşıda duran məsələlərin həlli istiqamətində ölkəmizin fəallıq nümayiş etdirdiyini diqqətə çəkən nazir, bunu respublikamızın vahid Avropa ailəsinə inteqrasiyasının bariz nümunəsi olduğunu bildirdi. Qurumun ölkəmiz üçün əhəmiyyətini vurğulayan xarici siyasət idarəsinin başçısı, Avropa Şurası çərçivəsində görüləcək işlərin bundan sonra da məhsuldar olacağına ümid etdiyini söyləmişdir.
Avropa Şurasının baş katibi Valter Şvimmer ölkəmizə ilk səfərindən məmnun olduğunu bildirərək, Azərbaycanın üzv olduğu qurum qarşısında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində atdığı addımları müsbət dəyərləndirmiş, həmçinin dırnaqarası siyasi məhbus məsələsi səhifəsinin də bağlandığını bildirmişdir. Qarşıda duran vəzifələrin vacibliyindən danışan Valter Şvimmer, Avropa Şurası çərçivəsində ölkəmizin bir sıra konvensiyalara qoşulmasını Avropa İnstitutuna inteqrasiya kimi dəyərləndirmişdir.
Azərbaycanda əsrlər boyu müsəlman, yəhudi və xristianların mehribanlıq şəraitində yaşadığını qeyd edən nazir, Azərbaycanda dini tolerantlığın olduğunu fikirlərinin təsdiqi kimi misal gətirmişdir. Daha sonra nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin vəziyyəti barədə qonağa ətraflı məlumat vermiş və münaqişənin həllində Avropa Şurasının, o cümlədən beynəlxalq ictimaiyyətin dəstəyinin vacib olduğunu bildirmişdir.
Daha sonra Avropa Şurasının münaqişələrin həllində müəyyən təcrübəsi olduğunu önə çəkən Valter Şvimmer, Dağlıq Qarabağ probleminin aradan qaldırılmasında təmsilçisi olduğu qurumun öz səylərini əsirgəməyəcəyini nazirin diqqətinə çatdırmışdır.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə edilmişdir.