DÜNYA
Avropada e-ticarətin artması yeni iş yerlərinin yaradılmasını stimullaşdırır
Bakı, 13 oktyabr, AZƏRTAC
Ekspertlər yaxın beş ildə Avropada elektron ticarətin sürətli artımını proqnozlaşdırırlar. Bununla əlaqədar qitə üzrə paylayıcı nəqliyyat mərkəzlərində sifarişlərin emalı üçün lazım olan 200 min əlavə iş yerinin açılacağı gözlənilir. Elektron kommersiyanın artımına görə regionda lider Böyük Britaniya, Almaniya və Fransa olacaq, lakin Polşa, Çexiya və Niderlandda da sürətli artım proqnozlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə daşınmaz əmlak sahəsində tanınmış “Prologis” investisiya şirkətinin tədqiqatında deyilir. Proqnozlara əsasən, Avropada elektron ticarət bazarının həcmi yaxın beş ildə 200 milyard avro artacaq.
Bildirilir ki, elektron ticarətin sürətli inkişafı ilə əlaqədar yeni iş yerləri yaradılacaq. Proqnozlara görə, şirkətlər lazımi peşə sahiblərinin axtarışı zamanı müəyyən çətinliklərlə üzləşə bilərlər.