SİYASƏT
AVROPADA TƏHLÜKƏSİZLİK VƏ ƏMƏKDAŞLIQ TƏŞKİLATININ BAKI OFİSİ TOVUZDA SEMİNAR KEÇİRMİŞDİR
Tovuz, 17 oktyabr (AZƏRTAC). ATƏT-in Bakı ofisi Tovuzda siyasi partiyaların rayon təşkilatlarının nümayəndələri üçün seçki müşahidəçiliyinə dair praktiki seminar təşkil etmişdir.
Qonşu rayonların siyasi partiyalarının təmsilçilərinin də iştirak etdiyi seminarda ATƏT-in Bakı ofisinin nümayəndəsi Elgün Tağıyev təmsil etdiyi təşkilat haqqında geniş məlumat vermiş, ATƏT-in demokratik seçki öhdəlikləri barədə danışmışdır.
Sonra Bosniya və Herseqovina Müstəqil Sosial Demokrat Partiyasının təlim mərkəzinin direktoru Vanya Malidzan «Müşahidəyə hazırlıq», «Müşahidəçilərin hüquq və vəzifələri», «Seçki günü müşahidənin təşkili» mövzularında çıxış edərək, siyasi partiyaların nümayəndələrini təlimatlandırmışdır. O, 2008-ci ildə Bosniya-Herseqovinada keçirilən bələdiyyə seçkilərində qazanılan təcrübə haqqında da seminar iştirakçılarına məlumat vermişdir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallara aydınlıq gətirilmişdir.