AVROPADA YENİ VƏRƏM TƏHLÜKƏSİ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Dünya Səhiyyə Təşkilatı Avropada vərəmin geniş yayılmasının təhlükəli şəkildə artması barədə ciddi xəbərdarlıq etmişdir. Xəbərdarlıqda bildirilir ki, Avropa məkanında təhlükəli vərəmə qarşı elliklə ciddi mübarizə aparılmasına baxmayaraq, bu dəhşətli və təhlükəli xəstəlik qitədə geniş yayılmaqda davam edir. Bildirilir ki, Kopenhagen Vərəmə Qarşı Mübarizə Mərkəzinin məlumatlarına görə, təkcə 2005-ci ildə Avropada 445 min insan vərəm viruslarına yoluxmuş və xəstələnmiş, bunların 65 min nəfəri bu yoluxucu xəstəlikdən ölmüşdür.
Ekspertlərin dəqiq siyahıyalma məlumatlarına görə, təhlükəli xəstəliyə yoluxanların böyük qismi Şərqi Avropa ölkələrinin payına düşür. Bu ölkələrdə vərəmin müalicəsinə yönəldilmiş profilaktika tədbirləri zəif metodlarla aparılır, yeni dərman preparatlarının kəşfi və terapiyada tətbiqi, qabaqcıl müalicə üsullarının sınaqdan keçirilməsi işi zəif aparılır. Vəziyyət belə davam edərsə, Avropa məkanını vərəmin yeni təhlükəli virus dalğası bürüyəcəkdir.
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirinin müavini Donald Lu Gəncədəki mərkəzi kitabxanada səfirliyin maliyyə dəstəyi ilə yaradılan regional kitabxana-məlumat mərkəzində şəhər ziyalıları ilə görüş keçirmişdir. İnformasiya cəmiyyətində kitabxanaların rolu, kitabxana və təhsil mərkəzi, elektron elmi bazalarda axtarış sistemi və s.mövzular ətrafında fikir mübadiləsi aparılmışdır.
AZƏRTAC-a verilən məlumata görə, görüşdə 2004-cü ildən fəaliyyət göstərən regional kitabxana-məlumat mərkəzində inkişaf proqramı layihəsinin davamı olaraq azyaşlı uşaqlar üçün xüsusi kompyuter və ingilis dili kurslarının yaradılması barədə də razılığa gəlinmişdir.