DÜNYA
Avstraliya AUKUS ilə bağlı vəziyyəti aydınlaşdırmaq üçün Malayziyaya xüsusi nümayəndələr göndərəcək
Tokio, 20 sentyabr, AZƏRTAC
Avstraliya hökuməti təhlükəsizlik sahəsində yeni tərəfdaşlıqla əlaqədar yaradılan AUKUS bloku ilə bağlı vəziyyəti aydınlaşdırmaq üçün Malayziyaya xüsusi nümayəndələr göndərəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Malayziyanın xarici işlər naziri Sayfuddin Abdulla sentyabrın 19-da yaydığı bəyanatda bildirib.
Sənəddə bildirilir ki, AUKUS ilə əlaqədar nümayəndələrin Kuala-Lumpura göndərilməsi barədə razılaşma iki ölkənin Baş nazirləri İsmail Saib Yakob ilə Skott Morrison arasında sentyabrın 17-də baş tutan telefon danışığı zamanı əldə edilib.
Qeyd edək ki, Malayziya hökumət başçısının dəftərxanasının yaydığı məlumata görə, İsmail Sabri Yakob AUKUS ilə əlaqədar məsələni şərh edərkən bunun nüvə silahlanması ilə bağlı yarışa səbəb ola biləcəyindən narahatlığını ifadə edib. Malayziyanın Baş naziri, həmçinin bunun Cənub Çin dənizi akvatoriyasında digər ölkələri təcavüzkar addımlar atmağa sövq edəcəyindən ehtiyatlandığını bildirib. Bu məqsədlə də nüvə silahının Cənub-Şərqi Asiyada yerləşdirilməsinin 1971-ci il tarixli regional bəyanat ilə yolverilməz olduğunu deyib.
Bunu nəzərə alan Malayziyanın xarici işlər naziri öz bəyanatında Hind-Sakit okean regionu ilə əlaqədar olan bütün ölkələri əməkdaşlığı daha da artırmağa, regionda sülhü və sabitliyi qorumaq üçün fəal çalışmağa dəvət edib.
Xatırladaq ki, sentyabrın 15-də Avstraliya, ABŞ və Böyük Britaniya təhlükəsizlik sahəsində AUKUS adlı yeni blokun yaradıldığını bəyan ediblər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio