DÜNYA
Avstraliya Böyük Britaniyanın atom sualtı qayıqlarını Pert limanına yerləşdirəcək
Tokio, 22 iyul, AZƏRTAC
Avstraliya Böyük Britaniyanın atom sualtı qayıqlarının Cənub-Çin dənizində patrul xidməti keçməsi üçün onların Pert hərbi-dəniz bazasında limanına yerləşməsinə icazə verəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə “Daily Mail” nəşri Avstraliya Müdafiə Nazirliyinə istinadla məlumat yayıb.
Bildirilir ki, AUKUS hərbi tərəfdaşlığı çərçivəsində Böyük Britaniya atom sualtı qayıqlarının Pertdəki hərbi bazaya yerləşdirilməsi barədə qərara gələn həftə Sidneydə elan ediləcək.
Qarşıdakı bir neçə ay ərzində Böyük Britaniya atom sualtı qayıqlarının qitənin qərb sahillərində yerləşəcəyi, avstraliyalı dənizçilərin isə həmin qayıqlarda xidməti öyrənəcəyi və peşə səviyyəsini artıracağı qeyd edilir.
Avstraliyada yerləşəcək Böyük Britaniya atom sualtı qayıqlarının dəqiq sayı barədə məlumat gizli saxlanılsa da, onların Cənub Çin dənizində patrul xidmətini həyat keçirəcəyi bildirilir.
Xatırladaq ki, Avstraliya atom sualtı qayıqları donanmasının yaradılması barədə planını 2021-ci ildə, AUKUS-un təsis olunmasından dərhal sonra elan edib. Avstraliyanın AUKUS-dakı tərəfdaşlarının köməyi ilə səkkiz sualtı qayıq inşa edəcəyi və bu qayıqları ABŞ istehsalı olan qanadlı raketlərlə təchiz edəcəyi planlaşdırılır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio