DÜNYA
Avstraliya Hindistana uran ixracına başlayır
Tokio, 11 aprel, AZƏRTAC
Avstraliya Hindistana uran ixracına başlayır. Bu barədə Yaponiyanın NHK telekanalı məlumat yayıb.
Məlumatda qeyd edilir ki, Avstraliyanın Baş naziri Malkolm Ternbull hindistanlı həmkarı Narendra Modi ilə uranın bu ölkəyə tezliklə ixracı barədə razılıq əldə edib.
İki ölkənin liderləri aprelin 10-da Nyu Delidə görüşüblər.
Avstraliya nüvə silahının yayılmaması barədə müqaviləyə daxil olmayan Hindistana ixracı məhdudlaşdırsa da, 2014-cü ildə iki ölkə arasında imzalanan müqaviləyə əsasən rəsmi Kamberra Hindistana sülh məqsədilə uran satacaq.
M.Ternbull jurnalistlərə bildirib ki, o, Avstraliya uranın Hindistana tezliklə ixracını səbirsizliklə gözləyir.
Hindistanın sürətlə inkişaf edən iqtisadiyyatı hazırda elektrik enerjisinə ciddi tələbat duyur. Yaxın 15 ildə Hindistan ölkənin atom elektrik stansiyalarında enerji istehsalını 10 dəfə artırmağı planlaşdırır.
Çox böyük uran ehtiyatlarına malik olan Avstraliya isə Hindistanla iqtisadi əlaqələri gücləndirməyə çalışır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio