DÜNYA
Avstraliyada taxta ixracatını artırmaq üçün beş ildə 150 milyon ağac əkəcəklər
Bakı, 21 fevral, AZƏRTAC
Avstraliyanın hakimiyyət orqanları taxta ixracatını artırmaq və ölkənin ağac emalı sahəsini inkişaf etdirmək üçün beş il ərzində 150 milyon ağac əkəcək.
AZƏRTAC xəbər verir ki, ölkənin Baş naziri Skott Morrison bu barədə Tasmania Talks radiostansiyasına müsahibəsində deyib. Onun sözlərinə görə, hakimiyyət yeni meşə sahələrinin salınması üçün 86 milyon Avstraliya dolları (61,8 milyon dollar) ayıracaq.
“Hökumət növbəti beş il ərzində ağac tədarükünü artırmaq üçün yeni plantasiyaların salınmasına 86 milyon Avstraliya dolları həcmində sərmayə yatıracaq. Bu proqram gələcək nəsillərin taxta ixrac etməsi üçün çox sayda ağacın əkilməsinə yönəlib”, - deyə Avstraliyanın Baş naziri bildirib. Skott Morrison bu məqsədlə ölkə daxilində 150 milyon ağacın əkiləcəyini əlavə edib.
2050-ci ilədək ağac məhsullarına tələbatın dörd dəfə artacağını vurğulayan hökumət başçısı investisiyaların son 30 ildə bu sahədə ən böyük sərmayə yatırımı olacağını və gələcək onilliklərdə taxta ixracının həcmini artırmağa imkan verəcəyini deyib. Avstraliyanın kənd təsərrüfatı naziri Devid Littlepraud öz növbəsində bildirib ki, investisiyalar, həmçinin kənd yerlərində və ölkənin ucqar bölgələrində yeni iş yerlərinin yaradılmasına xidmət edəcək.
Avstraliyada ağac və taxta məmulatlarının illik ixrac həcmi 2019-2020-ci illərdə baş verən miqyaslı meşə yanğınları səbəbindən 18 faiz azalıb. Avstraliya ağacının əsas idxalçıları ənənəvi olaraq Çin, Yeni Zelandiya və Yaponiyadır. Hazırda bu sahənin Avstraliyanın ümumi ixracatındakı payı bir faizdən də aşağı düşüb.