DÜNYA
Avstriya “Brexit”ə görə üzvlük haqqının artırılmasına qarşıdır
Vyana, 12 fevral, AZƏRTAC
Avstriya və Avropa İttifaqı büdcəsinin netto ödəyiciləri “Brexit”dən sonra üzvlük haqqının artırılmasına qarşıdırlar. Elə ola bilməz ki, Avropa İttifaqı üzvlərinin sayı azaldığı halda onun büdcəsi artırılmalı olsun.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Avstriyanın kansler aparatı naziri Qernot Blümel fevralın 12-də Vyanada Avropa İttifaqının büdcə üzrə komissarı Qünter Öttinqer ilə görüşündən sonra bildirib.
Avstriya ilə yanaşı İsveç, Finlandiya, Danimarka və Niderland Krallığı Böyük Britaniyanın Avropa İttifaqını tərk etdikdən sonra büdcədə yaranan illik 12-14 milyard avroluq boşluğun üzvlük haqqının artırılması hesabına doldurulmasının əleyhinədirlər. Bu ölkələr Avropa İttifaqının ilk növbədə inzibati islahatlar yolu ilə büdcə xərclərinə qənaət etməsinə tərəfdardırlar.
Vyanadakı görüşlərlə əlaqədar mətbuata verdiyi açıqlamada Q.Öttinqer bildirib ki, söhbət puldan düşəndə mübahisə qaçılmazdır. Bütün üzv ölkələrə aydın olmalıdır ki, bir sıra istiqamətlərdə, xüsusilə Avropa İttifaqının xarici sərhədlərinin qorunması üçün gələcəkdə daha çox vəsait tələb olunacaq. Bu ilin may ayında Aİ 2027-ci ilədək dövrə dair maliyyə çərçivə planını təqdim edəcək. Komissar üzvlük haqqının hər bir ölkənin ümumdaxili məhsulunun artım həcminə müvafiq şəkildə yüksəltmək təklifini irəli sürüb.
Bu ilin ikinci yarısında Avropa İttifaqı Şurasına sədrlik edəcək Avstriyanın büdcə danışıqlarında mövqeyi elə də asan olmayacaq. 27 üzv ölkə arasında yekdil fikrin əldə olunmasında sədr ölkə Avropa Komissiyası ilə sıx əməkdaşlıq etməlidir. Lakin Avstriyanın indidən bəyan etdiyi sərt mövqe bu danışıqların heç də asan olmayacağına dəlalət edir.
Qeyd edək ki, hazırda Avropa İttifaqının 2014-2020-ci illəri əhatə edən dövr üçün aktual büdcəsi bir trilyon avrodan artıqdır.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana