DÜNYA
Avstriyada beynəlxalq narkotik şəbəkə ifşa edilib
Vyana, 22 iyul, AZƏRTAC
“Coker” adlı xüsusi əməliyyat nəticəsində mərkəzi Avstriyada yerləşən beynəlxalq narkotik şəbəkə ifşa edilib.
AZƏRTAC xəbər verir ki, Avstriya, Slovakiya və Macarıstan polisinin koordinasiyalı əməliyyatı nəticəsində ümumilikdə 32 nəfər həbs edilib. Beynəlxalq kokain və metamfetamin alverində iştirak edən cinayətkar dəstənin izlənməsi hər üç ölkədə bu ilin mart ayından aparılıb, dəstə üzvlərinin həbsi və mənzillərdə həbslər eyni vaxtda həyata keçirilib. Cinayətkar dəstənin başında duran 37 yaşlı slovakın öz həyat yoldaşı ilə birlikdə 2014-cü ildən bəri yük maşınlarında narkotiklərin daşınmasını həyata keçirdiyi və Avstriyada yaratdığı “mərkəz“dən satış və paylanmasını təşkil etdiyi müəyyən edilib. Hesab edilir ki, həmin şəxs bu yolla son illərdə azı 60 kiloqram kokain, 210 kiloqram metafetamin və 10 kiloqram çətənəni qanunsuz dövriyyəyə buraxa bilib.
Avstriyanın Haynburq və Vyana şəhərlərində mənzillərdə aparılan axtarışlar nəticəsində 205 min avro, Macarıstanda isə nağd pul və qızıl külçələri ilə yanaşı qanunsuz saxlanılan silah və partlayıcı maddələr aşkar edilib. Cinayətkar dəstənin üzvlərindən götürülmüş narkotik vasitələrin bazar dəyəri isə 21 milyon avro hesab edilir.
Aşağı Avstriya federal əyalətinin Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin rəhbəri Frants Popp bildirib ki, uğurlu keçən birgə əməliyyat hələlik aralıq nəticə kimi dəyərləndirilməlidir və dörd təqsirli şəxsə qarşı əhatəli təhqiqatlar və əlavə cinayət təqibi hərəkətləri davam etdirilməkdədir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana