DÜNYA
Avstriyada dörd nazir koalisiyalı hökumətdən istefa verə bilər
Vyana, 20 may, AZƏRTAC
Avstriya Azadlıq Partiyasının (FPÖ) dörd naziri koalisiyalı hökuməti tərk edə bilər. Buna səbəb isə koalisiya tərəfdaşı Avstriya Xalq Partiyasının (ÖVP) hazırkı daxili işlər naziri Herbert Kiklin bu vəzifəni tərk etməsi tələbi olub. FPÖ nazirləri bu tələbi rədd edərək, kanslerin Federal Prezident Aleksander Van der Bellenə H.Kiklin istefasını təklif və bu təklifin sonuncu tərəfindən qəbul ediləcəyi təqdirdə, istefa verəcəklərini bildiriblər.
AZƏRTAC xəbər verir ki, Avstriyanın vitse-kansleri və Avstriya Azadlıq Partiyasının sədri Haynts-Kristian Ştraxe ilə bağlı sensasiyalı videomaterial mətbuatda yayımlandıqdan sonra ölkədə siyasi böhran yaranıb. Video ictimailəşəndən sonra vitse-kansler H.K. Ştraxe tutduğu bütün siyasi vəzifələrdən istefa verib.
Mayın 18-də gün ərzində koalisiyalı hökuməti təşkil edən Avstriya Xalq Partiyası (ÖVP) və Avstriya Azadlıq Partiyası (FPÖ) arasında hökumətin fəaliyyətini davam etdirmək üçün aparılan danışıqlar nəticəsiz başa çatıb və ölkədə növbədənkənar parlament seçkiləri elan edilib. Seçkilərin keçiriləcəyi payız aylarına kimi isə hazırkı hökumətin indiki tərkibdə işini davam etdirəcəyi gözlənilirdi. Lakin ÖVP-nin kadr dəyişikliyi tələbindən sonra FPÖ vahid mövqe nümayiş etdirərək, bütün nazirlərin hökuməti tərk edəcəyi xəbərdarlığını edib.
Qeyd edək ki, FPÖ 2017-ci ilin payızından hakimiyyətdə olan koalisiyalı hökumətdə hazırda dörd nazirlə təmsil olunur., Müdafiə, Daxili işlər, Əmək, sosial məsələlər, səhiyyə və istehlakçıların hüquqlarını müdafiəsi və eləcə də Nəqliyyat, innovasiya və texnologiya nazirliklərinə bu partiyanın təmsilçiləri rəhbərlik edir.
Gün ərzində koalisiya tərəfdaşı Avstriya Xalq Partiyası və onun rəhbəri Sebastian Kurtsun qəbul edəcəyi qərar ölkənin siyasi mənzərəsində ciddi dəyişikliklə nəticələnə bilər.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana