DÜNYA
Avstriyada elektrik enerjisi qiymətlərinə məhdudlaşdırıcı tarif tətbiq olunacaq
Vyana, 7 sentyabr, AZƏRTAC
Elektrik enerjisi qiymətlərinin bahalaşmasını nəzərə alaraq Avstriya Nazirlər Kabinetinin sentyabrın 7-də keçirilən iclasında məhdudlaşdırıcı tarif barədə qərar qəbul edilib.
AZƏRTAC xəbər verir ki, koalisiyalı hökuməti təşkil edən Avstriya Xalq Partiyası (ÖVP) və Yaşıllar Partiyasının qərarına əsasən, hər bir fərdi təsərrüfat üçün illik elektrik enerjisi istehlakında 2900 kilovatt/saatadək olan hissənin hər kilovatt/saatı üçün 10 sent ödəniləcək. Həmin həddən yuxarı istehlak üçün isə sərbəst bazar qiymətləri tətbiq oluna bilər. Hesab edilir ki, bu yolla hər bir ailə təsərrüfatı üçün illik ortalama 500 avro həcmində qənaətə nail olunacaq. Hökumətin bu qərarı cari ilin dekabr ayından tətbiq ediləcək və 2024-cü ilin ortalarına kimi bütün ölkə üzrə enerji tariflərində qüvvədə olacaqdır.
Hökumətin açıqlamasında qeyd edilib ki, elektrik enerjisi qiymətlərinə tətbiq edilən tarif əhaliyə dəstək ilə yanaşı, inflyasiyanın zəifləməsinə də yol açmalıdır. Lakin bu qərara rəğmən, əhali elektrik enerjisinə qənaət etməyi diqqətdən qaçırmamalıdır.
Hökumətin hesablamasına görə, yeni tarifin tətbiqi dövlət büdcəsinə 3-4 milyard avroya başa gələcək.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana