DÜNYA
Avstriyada vaxtı keçmiş dərmanların saxta qutularda satışı aşkarlanıb
Vyana, 26 oktyabr, AZƏRTAC
Avstriyada vaxtı keçmiş dərmanların saxta qutularda yenidən satılması faktı aşkarlanıb.
AZƏRTAC xəbər verir ki, sümük iliyi xərçənginə qarşı istifadə edilən “Jakavi” adlı dərman preparatının vaxtı keçmiş həbləri bir qrup dələduz tərəfindən saxtalaşdırılmış qutularda yeni dərman adı ilə aptek satış şəbəkələrinə daxil edilib. Sağlamlıq və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aşkarlandıqdan sonra ölkə üzrə həmin dərmanın satışı dayandırılıb və pasiyentlərdən yoxlanış üçün onlardakı dərman qutularını apteklərə gətirmələri xahiş olunub.
Olduqca peşəkar işləyən dələduzlar saxta qutuları orijinal qutulardan fərqlənməyəcək şəkildə hazırlayıblar. Agentlik hazırda içərisində vaxtı keçmiş orijinal həblər olan saxta qutuların rəsmi satış şəbəkəsinə necə ötürülməsini araşdırır, hadisə ilə bağlı cinayət işinə başlanılıb.
“Novartis” əczaçılıq şirkətinin istehsalı olan və 56 həbdən ibarət “Jakavi” dərman preparatının bir qutusu təxminən 5 min avroya satılır. Saxta qutuların yarısı satışdan kənarlaşdırılsa da, nə qədər həbin pasiyentlər tərəfindən artıq qəbul olunması məlum deyil. Agentlikdən bildirilib ki, dərman preparatının əsasını təşkil edən ruksolitinib maddəsi istifadə müddəti bitdikdən sonra müalicəvi təsirini itirsə də, qəbul edildikdə insan orqanizmi üçün heç bir fəsad törətmir.
Qeyd edək ki, saxta dərmanların satışı üçün ən geniş yayılmış vasitə onların internet vasitəsilə satışıdır. Ekspertlər hesab edirlər ki, internetdə satılan dərman preparatları, anabolika, diyet vasitələri və digər həyat tərzi preparatları qiymətcə münasib olsa da, onların 95 faizi saxtadır. Buna görə də pasiyentlər, ilk növbədə, dərmanları apteklərdən almağa çalışırlar. Baş vermiş hazırkı hadisə, sözsüz ki, əhalinin aptek satış şəbəkəsinə inamına təsir göstərəcək.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana