MƏDƏNİYYƏT
Avstriyada yaşayan azərbaycanlı rəssamın studiyası açılıb
Zalsburq, 5 may, AZƏRTAC
Avstriyada yaşayan azərbaycanlı rəssam, Avstriya Azərbaycanlıları Cəmiyyətinin üzvü Yeganə Özkanın Zalsburq şəhərində studiyası açılıb.
AZƏRTAC xəbər verir ki, Zalsburq şəhər bələdiyyəsinin dəstəyi ilə açılan studiyada azərbaycanlı rəssamın emalatxanası fəaliyyət göstərəcək, eyni zamanda, bu məkandan əsərlərin nümayişi üçün istifadə ediləcək.
Y.Özkan (Zamanova) bildirib ki, uşaqlıqdan rəsmə həvəs göstərib və multiplikator (cizgi filmləri rəssamı) olmaq arzusunda olub. Bu arzu onun yaratdığı əsərlərin məzmununda da öz əksini tapır və rəsmlərdə sehrli və nağılvari təsvirlərə geniş yer verilir. Hazırda isə qarışıq texnikadan (mixed media) istifadəyə üstünlük verən rəssam əsərlərini yaradarkən fərqli materiallardan istifadə edir.
Azərbaycanlı rəssam, həmçinin qeyd edib ki, gələcəkdə bu studiyadan digər rəssamların əsərlərinin sərgilənməsi və Azərbaycandakı həmkarlarının işlərinin təqdimatını həyata keçirmək mümkün olacaqdır.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Zalsburq