SİYASƏT
AVSTRİYADA YAŞAYAN SOYDAŞLARIMIZ SEÇKİLƏRDƏ FƏAL İŞTİRAK EDİRLƏR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, 15 oktyabr prezident seçkiləri ilə bağlı Azərbaycanın Avstriyadakı səfirliyində yaradılmış 37 saylı seçki məntəqəsi Vyana vaxtı ilə saat 8-də açılmışdır. 17 saylı Yasamal üçüncü seçki dairəsi tərkibində yaradılmış seçki məntəqəsində səsvermənin azad və demokratik şəraitdə keçməsi üçün bütün şərait yaradılmışdır. Seçki məntəqəsində 6 nəfərdən ibarət məntəqə seçki komissiyası yaradılmış, səfirliyin konsulluq qeydiyyatında olan 103 Azərbaycan Respublikası vətəndaşına seçkidə iştirak etmək üçün bildiriş vərəqələri göndərilmiş və müvafiq təşviqat materialları paylanmışdır.
Seçkidə Avstriyada yaşayan Azərbaycan Respublikası vətəndaşları ilə yanaşı, səfirliyin akkreditə olunduğu Sloveniya və Slovakiyadakı həmyerlilərimiz də iştirak edəcəklər. Səhər saatlarından etibarən əksəriyyəti Vyanada təhsil alan tələbələr olmaqla, Azərbaycan vətəndaşları fəal şəkildə seçkilərdə iştirak edirlər.
Seçki məntəqəsi yerli vaxtla saat 19-dək açıq olacaqdır.
######