ELM VƏ TƏHSİL
Avstriyanın “Fabco Gmbtl şirkətinin” icraçı direktoru Milli Azərbaycan Tarixi Muzeyində
Bakı, 25 noyabr, AZƏRTAC
Avstriyanın “Fabco Gmbtl” şirkətinin icraçı direktoru Aleksandr Vilhelm ilə Milli Azərbaycan Tarixi Muzeyində (MATM) görüş olub.
Muzeydən AZƏRTAC-a bildirilib ki, görüşdə baş direktor akademik Nailə Vəlixanlı muzeyin yaranma tarixi, fəaliyyət istiqamətləri, sərgilərin təşkili və s. barədə məlumat verib.
Görüşdə, həmçinin Azərbaycan-Avstriya mədəni əlaqələrinə toxunulub və bu əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb. Eyni zamanda, gələcək əməkdaşlıq, muzeylərarası təcrübə mübadiləsi məsələləri müzakirə edilib.
Aleksandr Vilhelm təmsil etdiyi müəssisənin fəaliyyəti haqqında danışıb. Milli Azərbaycan Tarixi Muzeyi ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirən qonaq muzeyə öz nəşrlərini hədiyyə edib.
Sonra A.Vilhelm H.Z.Tağıyevin ev-muzeyi, “Anadır arzulara hər zaman Qarabağ”, “Nizami Gəncəvi və Azərbaycan Atabəylər dövləti” adlı sərgilərlə tanış olub.
Avstriyalı qonağa muzeyin nəfis tərtibatlı nəşrləri hədiyyə edilib.