İQTİSADİYYAT
Avstriyanın “OMV” şirkəti neft və qaz hasilatından kimya sənayesinə keçidə hazırlaşır
Vyana, 17 mart, AZƏRTAC
Avstriyanın “OMV” şirkəti uzunmüddətli perspektivdə neft və qaz çıxarılmasından geri çəkilərək, daha çox diqqəti kimya sənayesinə yönəldəcək.
AZƏRTAC xəbər verir ki, Mərkəzi Avropanın aparıcı neft-qaz şirkətlərindən biri olan “OMV” 2030-cu ilə kimi neft və qaz istehsalatını 20 faiz azaltmaq niyyətindədir. Şirkət istehsalın azaldılmasına baxmayaraq, sərmayəçilərə sabit dividentlər vəd edib.
Şirkətin sərmayəçilərə ünvanladığı “Strategiya 2030“ sənədində qeyd edilir ki, 2030-cu ilə kimi xam neft istehsal 30 faiz, qaz istehsalı isə 15 faiz azaldılacaq. Neft və qaz istehsalına investisiyalar 2026-cı ilədək davam etdiriləcək və bu zaman əsas diqqət qaz layihələrinin inkişafına yönəldiləcək. Şirkət enerji əldə edilməsi məqsədilə neft və qaz istehsalatını 2050-ci ilə kimi tamamilə dayandırılacağını elan edib.
Eyni zamanda qeyd edilib ki, 2030-cu ilədək bərpa olunan enerji mənbələri, xammal və mobillik həllərinə sərmayələr artırılacaq. Şirkət yanacaqdoldurma məntəqələri, tranzit yol qovşaqları və magistral yolların kənarında elektrik avtomobilləri üçün 2 min yükləmə stansiyası üçün 400 milyon avro ayıracaq. Həmçinin havaya buraxılan zəhərli qazların həcmini azaltmaq üçün müxtəlif innovativ texnologiyalara 5 milyard avro sərmayə qoyulacaq.
Şirkətdən bildirilib ki, neft və qaz satışlarından əldə edilən gəlirlər uzunmüddətli perspektivdə kimya sənayesinə və yeni texnologiyalar əsasında digər sahələrə yönəldiləcək.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana