Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AVTOMOBİL NƏQLİYYATI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU (1)

Bu Qanun Azərbaycan Respublikasının ərazisində avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir, bu sahədə dövlət orqanları, daşıyıcılar və avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları üzrə xidmətlərin istehlakçıları arasında yaranan münasibətləri tənzimləyir.

I fəsil

Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar

1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakılardır:

1.0.1. avtonəqliyyat vasitəsi - sərnişin, yük və ya xüsusi avadanlığın avtomobil yolları ilə daşınması üçün nəzərdə tutulmuş mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitəsi (bir və ya bir neçə nəqliyyat vasitəsindən ibarət);

1.0.2. avtomobil nəqliyyatı - avtonəqliyyat vasitələrindən və avtomobil nəqliyyatının infrastrukturundan istifadə edilməklə, sərnişin və yük daşımalarının yerinə yetirildiyi nəqliyyat növü;

1.0.3. avtomobil nəqliyyatı ilə daşımaların təşkilatçısı - özünün və ya sifarişçinin adından sərnişinlərin və ya yüklərin daşınması, həmçinin avtomobil nəqliyyatı ilə daşımaların təşkili ilə əlaqədar müqavilələr bağlayan hüquqi və ya fiziki şəxs;

1.0.4. avtomobil nəqliyyatı ilə kommersiya məqsədli daşımalar - sərnişin və ya yük daşınması müqaviləsi yaxud digər qanuni əsaslarla, daşınma haqqı ödənilməklə yerinə yetirilən daşımalar;

1.0.5. avtomobil nəqliyyatı ilə təsərrüfat ehtiyacları üçün daşımalar - hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən sərəncamlarında olan avtonəqliyyat vasitələri ilə işçilərinin və ya yüklərinin daşınması məqsədilə və öz hesabına yerinə yetirilən daşımalar. Bu cür daşımalar üçün istifadə olunan avtonəqliyyat vasitələri həmin hüquqi şəxslərin və ya fərdi sahibkarların işçiləri tərəfindən idarə olunmalıdır;

1.0.6. avtomobil nəqliyyatının infrastrukturu - avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları üçün istifadə olunan avtomobil yolları, avtovağzallar (avtostansiyalar), dayanacaq məntəqələri, avtomobil duracaqları, terminallar və digər qurğular, habelə avtonəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərən texniki-təmir sahələri və texniki-təmir stansiyaları, yanacaqdoldurma məntəqələri;

1.0.7. avtobus - sürücünün oturacaq yeri daxil olmaqla, oturacaq yerlərinin sayı doqquzdan çox olan, sərnişin daşımaları üçün nəzərdə tutulmuş avtonəqliyyat vasitəsi;

1.0.8. baqaj - daşınmaq üçün qablaşdırılmış, sərnişin tərəfindən avtonəqliyyat vasitəsilə göndərilən və ya səfər boyu müşayiət edilən, qabariti, çəkisi və xüsusiyyətindən asılı olaraq daşınmasına icazə verilən yük;

1.0.9. daşıyıcı - daşınma müqaviləsi və ya digər qanuni əsaslarla sərnişin və yük daşımalarını yerinə yetirən hüquqi şəxs və ya fərdi sahibkar;

1.0.10. əl yükü - sərnişinə məxsus və öz xüsusiyyətlərinə, ölçülərinə, çəkisinə görə sərnişin avtonəqliyyat vasitəsinin salonunda daşınmasına icazə verilən əşyalar;

1.0.11. gediş sənədi (bilet) - sərnişinin avtobusda gediş hüququnu, sərnişin və daşıyıcı arasında daşınma müqaviləsinin bağlanmasını təsdiq edən və müəyyən edilmiş formada rəsmiləşdirilən sənəd;

1.0.12. sərnişin avtonəqliyyat vasitəsi - konstruksiyasına və təchiz edilmiş avadanlığına görə insanların və baqajın daşınması üçün nəzərdə tutulmuş nəqliyyat vasitəsi;

1.0.13. sərnişin - avtonəqliyyat vasitəsində gediş hüququ verən sənəd (bilet) və ya digər qanuni əsaslarla daşınan fiziki şəxs;

1.0.14. sərnişin daşınması - sərnişinlərin avtonəqliyyat vasitəsilə yoladüşmə məntəqəsindən təyinat məntəqəsinə çatdırılması;

1.0.15. sifariş - avtomobil nəqliyyatı ilə sərnişin və ya yük daşımalarının sifarişçisi ilə daşıyıcı arasında münasibətləri tənzimləyən müqavilə;

1.0.16. sifarişçi - sərnişin və ya yük daşımalarının yerinə yetirilməsi barədə müvafiq qaydada müqavilə bağlamış orqan, yaxud onun tərəfindən təyin edilmiş səlahiyyətli hüquqi şəxs, habelə sərnişin və ya yük daşımaları barədə daşıyıcı ilə müqavilə bağlayan hüquqi və ya fiziki şəxs;

1.0.17. sürücü - avtonəqliyyat vasitəsini idarə etmək hüququ olan, daşımalar prosesində birbaşa iştirak edən, habelə müvafiq hallarda daşıyıcını təmsil edən şəxs;

1.0.18. taksi minik avtomobili - xüsusi tanınma nişanları və taksometrlə təchiz olunmuş, sürücünün oturacaq yeri daxil olmaqla, oturacaq yerlərinin sayı doqquzdan çox olmayan avtonəqliyyat vasitəsi;

1.0.19. ümumi istifadədə olan avtomobil nəqliyyatı - tənzimlənən və ya elan edilmiş tariflər tətbiq edilməklə, müqavilə ilə razılaşdırılmış qiymətlər üzrə hüquqi və ya fiziki şəxslərin müraciəti əsasında yerinə yetirilən sərnişin və yük daşımalarında istifadə olunan nəqliyyat vasitəsi;

1.0.20. yük - avtomobil daşıyıcısı tərəfindən təyinat məntəqəsinə çatdırılmaq üçün qəbul edilmiş əmtəə və ya qeyri-əmtəə təyinatlı mal;

1.0.21. yük avtonəqliyyat vasitəsi - konstruksiyasına və təchiz edilmiş avadanlığına görə yük daşınması üçün nəzərdə tutulmuş nəqliyyat vasitəsi;

1.0.22. yükgöndərən - adından yük göndərilməsi rəsmiləşdirilən hüquqi və ya fiziki şəxs;

1.0.23. yükalan - avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsinə və ya digər müvafiq sənədlərə əsasən yükü almaq səlahiyyəti olan hüquqi və ya fiziki şəxs.

Maddə 2. Avtomobil nəqliyyatı haqqında qanunvericilik

Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan, habelə həmin sahəni tənzimləyən digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

Maddə 3. Qanunun tətbiq dairəsi

3.1. Bu Qanun avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması xidmətlərinin göstərilməsi, həmçinin avtomobil nəqliyyatının infrastruktur obyektləri ilə əlaqədar dövlət orqanları, daşıyıcılar, infrastruktur obyektlərinin sahibləri və nəqliyyat xidmətlərinin istehlakçıları arasında yaranan hüquqi və iqtisadi münasibətlərə tətbiq olunur.

3.2. Bu Qanunun müddəaları aşağıdakılara şamil edilmir:

3.2.1. kommunal və təcili tibbi yardım xidmətlərə məxsus, həmçinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təxirəsalınmaz təcili xidmətlərə aid edilmiş avtonəqliyyat vasitələri ilə yerinə yetirilən daşımalara;

3.2.2. müdafiə, ictimai asayişin qorunması və fövqəladə halların aradan qaldırılması ilə əlaqədar olan avtomobil daşımalarına;

3.2.3. dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünüidarəetmə orqanlarının, Azərbaycan Respublikası Milli Bankının, büdcədənkanar dövlət fondlarının, xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi və xidməti istifadəsi üçün nəzərdə tutulmuş avtonəqliyyat vasitələri ilə yerinə yetirilən daşımalara;

3.2.4. hüquqi şəxslərin və fərdi sahibkarların xidməti istifadəsi üçün nəzərdə tutulmuş minik avtomobilləri ilə yerinə yetirilən daşımalara;

3.2.5. hüquqi şəxslərin və fərdi sahibkarların ümumi istifadədə olan avtomobil yollarına çıxmadan yerinə yetirdiyi texnoloji və təsərrüfatdaxili (müəssisələrin, obyektlərin daxilində) avtomobil nəqliyyatı ilə daşımalarına;

3.2.6. fiziki şəxslərin mülkiyyətində yaxud istifadəsində olan avtonəqliyyat vasitələri ilə şəxsi ehtiyaclar üçün yerinə yetirdikləri daşımalara.

Maddə 4. Avtomobil nəqliyyatı ilə daşımaların növləri

4.0. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları təyinatına görə aşağıdakı növlərə bölünür:

4.0.1. şəhərdaxili (rayondaxili) sərnişin daşımaları - şəhərin (rayonun) inzibati-ərazi hüdudları daxilində yerinə yetirilən sərnişin daşımaları;

4.0.2. şəhərlərarası (rayonlararası) sərnişin daşımaları - ayrı-ayrı şəhərlərin (rayonların) inzibati ərazisində yerləşən yaşayış məntəqələri arasında yerinə yetirilən sərnişin daşımaları;

4.0.3. müntəzəm sərnişin daşımaları - işin başlanması və başa çatması vaxtları, sərnişinlərin avtomobil nəqliyyatına minməsi və ondan düşməsi yerləri, habelə tariflər müəyyən edilməklə, müvafiq cədvəl (hərəkət intervalı) və marşrut üzrə yerinə yetirilən sərnişin daşımaları;

4.0.4. qeyri-müntəzəm sərnişin daşımaları - sifarişçi ilə bağlanmış müqavilə (sifariş) əsasında daşıyıcı tərəfindən yerinə yetirilən və müntəzəm daşımalara aid olmayan sərnişin daşımaları;

4.0.5. ölkədaxili yük daşımaları - Azərbaycan Respublikasının hüdudları daxilində yerinə yetirilən yük daşımaları;

4.0.6. beynəlxalq daşımalar - avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisindən digər dövlətlərə və ya digər dövlətlərdən Azərbaycan Respublikasının ərazisinə, habelə Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçməklə yerinə yetirilən sərnişin və ya yük daşımaları.

Maddə 5. Avtomobil nəqliyyatı sahəsində fəaliyyətin əsas prinsipləri

5.0. Avtomobil nəqliyyatı sahəsində işlərin görülməsi və xidmətlərin göstərilməsi aşağıdakı prinsiplərə əsaslanır:

5.0.1. avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən bütün subyektlərin mülkiyyət növündən asılı olmayaraq hüquq bərabərliyi;

5.0.2. avtomobil nəqliyyatı sahəsində fəaliyyətin dövlət tənzimlənməsinin sosial yönümlüyü və ictimai maraqların üstünlüyünün təmin olunması;

5.0.3. avtomobil nəqliyyatı xidmətlərinin istehlakçıları tərəfindən daşıyıcının azad seçilməsi;

5.0.4. avtomobil nəqliyyatı sahəsində fəaliyyətin təhlükəsizliyinin vahid norma, standart və qaydalar əsasında təmin olunması.

Maddə 6. Avtonəqliyyat vasitələrinə və avtomobil nəqliyyatının

infrastrukturuna dair ümumi tələblər

6.1. Avtonəqliyyat vasitələrinin kütlə, qabarit ölçüləri və digər texniki göstəriciləri hərəkətin təhlükəsizliyi, əməyin və ətraf mühitin mühafizəsinə dair Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarının tələblərinə uyğun olmalıdır.

6.2. Avtonəqliyyat vasitələrinin əlavə avadanlıqla, o cümlədən müxtəlif təyinatlı nəzarət cihazları ilə təchiz edilməsinə dair tələblər Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktları ilə müəyyən olunur.

6.3. Ümumi istifadədə olan sərnişin avtonəqliyyat vasitələrinə, habelə ümumi istifadədə olan sərnişin avtomobil nəqliyyatı üçün dayanacaqlara dair ümumi tələblər “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları” ilə müəyyən olunur.

6.4. Avtomobil nəqliyyatının infrastrukturu sərnişin və yük daşımalarının yerinə yetirilməsinə, yol hərəkətinin təhlükəsizliyinə, ətraf mühitin mühafizəsinə dair, habelə Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən olunmuş digər tələblərə cavab verməlidir.

6.5. Avtomobil nəqliyyatının infrastruktur obyektlərinin, o cümlədən avtovağzalların (avtostansiyaların), dayanacaq məntəqələrinin, avtomobil duracaqlarının, terminalların və digər qurğuların, habelə avtonəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərən texniki-təmir stansiyalarının, yanacaq doldurma məntəqələrinin yerləşdirilməsi yaxud yenidən qurulması sərnişin və yük axınının həcminə, həmçinin nəqliyyat xidmətləri istehlakçılarının tələbatına uyğun olaraq, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

Maddə 7. Avtovağzallara (avtostansiyalara) dair tələblər

7.1. Avtovağzallar (avtostansiyalar) şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə müntəzəm sərnişin daşınmasını yerinə yetirən daşıyıcılara və sərnişinlərə xidmət göstərilməsi məqsədilə ayrı-ayrı şəhərlərdə və rayonların inzibati mərkəzlərində, habelə sərnişin axını intensiv olan iri nəqliyyat qovşaqlarında təşkil olunur.

7.2. Avtovağzalda 75-dən artıq sərnişin tutan gözləmə zalı, ən azı inzibati bina və ya xidməti otağı, bir necə bilet kassası, ana və uşaq otağı, baqaj saxlama kamerası, iaşə, mədəni-məişət və sanitar-gigiyenik təyinatlı sahələr, tibbi yardım və polis məntəqələri, sürücülərin istirahət otağı, sərnişinlərin minib-düşməsi üçün perron, avtobusların reyslərarası dayanması üçün meydança və təmizləmə postu, habelə şəhər nəqliyyatının və taksi minik avtomobillərinin dayanması üçün vağzalyanı sahə olmalıdır.

7.3. Avtostansiyada 75-dək sərnişin tutan gözləmə zalı, ən azı bir xidməti otağı, bilet kassası, sanitar-gigiyenik təyinatlı sahə, sərnişinlərin minib-düşməsi üçün perron olmalıdır.

7.4. Avtovağzallarda (avtostansiyalarda) aşağıdakı növ xidmətlər göstərilir:

7.4.1. gediş sənədlərinin (biletlərin) satışı;

7.4.2. sərnişin avtonəqliyyat vasitələrinin gəlməsinin və yola düşməsinin idarə olunması;

7.4.3. sərnişin avtonəqliyyat vasitələrinin sanitar-gigiyenik vəziyyətinə, müvafiq avadanlıq və ləvazimatlarla təchiz olunmasına nəzarət;

7.4.4. ticarət və məişət xidmətləri;

7.4.5. sərnişinlər və daşıyıcılar tərəfindən avtonəqliyyat vasitəsilə sərnişin və baqaj daşınması qaydalarına riayət olunmasına nəzarət.

7.5. Gün ərzində eyni vaxtda müvafiq xidmətlər göstərilə bilən sərnişinlərin sayından, binaların, tikililərin, texnoloji avadanlıqla təchizatından, həmçinin göstərilən xidmətlərin çeşidindən və səviyyəsindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir avtovağzala (avtostansiyaya) kateqoriyasına uyğun olaraq pasport verilir. Pasport avtovağzalın (avtostansiyanın) fəaliyyət göstərməsi üçün rəsmi sənəd hesab edilir. Pasport olmadan avtovağzalın (avtostansiyanın) fəaliyyət göstərməsinə, habelə avtovağzalın (avtostansiyanın) fəaliyyətinin müvafiq kateqoriyaya uyğun texnoloji prosesinin pozulmasına görə təqsirkar şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

7.6. Avtovağzalların (avtostansiyaların) göstərdiyi xidmətlərin onlara verilmiş pasporta uyğunluğuna nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Avtovağzalın (avtostansiyanın) göstərdiyi xidmətlərin səviyyəsi ona verilmiş pasportda qeyd edilmiş kateqoriyadan aşağı olduqda, müvafiq icra hakimiyyəti orqanı pasportun qüvvəsini dayandıra və ya pasportla müəyyən olunmuş kateqoriyanı aşağı sala bilər.

7.7. Avtovağzalların (avtostansiyaların) vəzifə və funksiyaları, fəaliyyətinin xüsusiyyətləri və texnoloji prosesi, həmçinin avtovağzallara (avtostansiyalara) pasportun verilməsi və onların müvafiq kateqoriyalara aid edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”yə uyğun olaraq müəyyən edilir.

Maddə 8. Avtonəqliyyat vasitələrinin qeydiyyatı

8.1. Sərnişin və yük daşımaları üçün istifadə olunan avtonəqliyyat vasitəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınmalıdır. Həmin avtonəqliyyat vasitəsi yalnız bir dövlətdə qeydiyyata alına bilər.

8.2. Avtonəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən olunur.

8.3. Dövlət qeydiyyatına alınmamış avtonəqliyyat vasitəsindən istifadə olunması qadağandır.

Maddə 9. Avtomobil nəqliyyatında əmək münasibətlərinin tənzimlənməsi

9.1. Avtomobil nəqliyyatı sahəsində əmək münasibətləri Azərbaycan Respublikasının əmək qanunvericiliyi və digər müvafiq normativ hüquqi aktları ilə tənzimlənir.

9.2. Avtomobil nəqliyyatı işçilərinin ayrı-ayrı kateqoriyalarının iş və istirahət rejimi, iş şəraitinin xüsusiyyətləri Azərbaycan Respulikasının müvafiq normativ hüquqi aktları ilə müəyyən olunur.

II fəsil

Avtomobil nəqliyyatı sahəsində dövlət tənzimlənməsi və idarəetməsi

Maddə 10. Avtomobil nəqliyyatı sahəsində dövlət idarəetməsinin və

tənzimlənməsinin əsas vəzifələri

10.1. Avtomobil nəqliyyatı sahəsində dövlət idarəetməsinin əsas vəzifələri aşağıdakılardır:

10.1.1. vahid dövlət siyasətinin həyata keçirilməsi;

10.1.2. Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə nəzərdə tutulmuş qayda və tələblərə riayət olunmasına nəzarət edilməsi;

10.1.3. avtomobil nəqliyyatı ilə daşımaların yerinə yetirilməsi zamanı texnoloji və ekoloji təhlükəsizliyin təmin olunması üçün şərait yaradılması.

10.2. Avtomobil nəqliyyatı sahəsində dövlət tənzimlənməsinin əsas vəzifələri aşağıdakılardır:

10.2.1. iqtisadiyyatın və əhalinin avtomobil nəqliyyatı ilə daşımalara, həmçinin digər nəqliyyat xidmətlərinə olan ehtiyaclarının təmin olunmasına şərait yaradılması;

10.2.2. avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində sahibkarlığın stimullaşdırılması, daşıyıcılar arasında azad rəqabətin təmin olunması, habelə avtomobil nəqliyyatı xidmətlərindən istifadə edən hüquqi və fiziki şəxslərin qanuni maraqlarının dövlət tərəfindən qorunması;

10.2.3. Azərbaycan Respublikasının avtomobil daşıyıcılarının beynəlxalq daşımalar bazarında rəqabət qabiliyyətinin artırılması üçün əlverişli şəraitin yaradılması;

10.2.4. avtomobil nəqliyyatı ilə sərnişin və yük daşıyıcılarının ölkədaxili və beynəlxalq avtomobil daşımaları bazarına çıxışının tənzimlənməsi;

10.2.5. avtomobil nəqliyyatı xidmətlərinin ixracının stimullaşdırılması;

10.2.6. avtomobil nəqliyyatı ilə daşımaların vahid norma və qaydalar əsasında təhlükəsiz yerinə yetirilməsi üçün şərait yaradılması;

10.2.7. avtomobil nəqliyyatı ilə ölkədaxili daşımalar bazarının qorunması;

10.2.8. avtomobil nəqliyyatı ilə daşımalar bazarında inhisarçılığın qarşısının alınması və azad rəqabət mühitinin inkişaf etdirilməsi;

10.2.9. ümumi istifadədə olan avtomobil nəqliyyatında tarif siyasətinin formalaşdırılması;

10.2.10. avtomobil nəqliyyatı ilə daşımalar yerinə yetirilərkən ətraf mühitin qorunması.

Maddə 11. Avtomobil nəqliyyatı xidmətlərinin tarifləri

11.1. Avtomobil nəqliyyatı xidmətlərininin tarifləri Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə nəzərdə tutulmuş qaydada müəyyən olunur.

11.2. Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşınma tariflərinin yuxarı həddi Azərbaycan Respublikasının normativ hüquqi aktlarına uyğun olaraq müəyyən edilir.

Maddə 12. Avtomobil nəqliyyatında səfərbərlik hazırlığının təmin

olunması və avtomobil daşıyıcılarının fövqəladə halların

nəticələrinin aradan qaldırılmasına cəlb edilməsi

12.1. Azərbaycan Respublikasının müvafiq dövlət orqanları avtomobil nəqliyyatının səfərbərlik hazırlığının zəruri səviyyədə saxlanmasını təmin etməlidirlər.

12.2. Təbii və ya texnogen xarakterli fövqəladə hadisələr baş verdikdə avtomobil daşıyıcıları onların nəticələrinin aradan qaldırılmasını idarə edən dövlət orqanlarının qanuni tələblərini yerinə yetirməyə borcludurlar.

12.3. Fövqəladə halların nəticələrinin aradan qaldırılmasına cəlb olunmuş avtomobil daşıyıcılarının qəza-xilasetmə tədbirlərinin həyata keçirilməsi zamanı çəkdiyi xərclərin və ya onlara dəymiş zərərin əvəzi Azərbaycan Respublikasının qanunvericiliyi ilə məyyən olunmuş qaydada ödənilir.

12.4. Avtomobil nəqliyyatının səfərbərlik hazırlığı və avtomobil daşıyıcılarının fövqəladə halların nəticələrinin aradan qaldırılmasına cəlb olunması qaydası Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktları ilə məyyən olunur.

Maddə 13. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının

lisenziyalaşdırılması

13.1. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları xidmətlərinin istehlakçılarının qanuni maraqlarının qorunması, bu sahədə inhisarçılığın qarşısının alınması, daşımaların təhlükəsizliyinin, ətraf mühitin və əməyin mühafizəsinin təmin olunması məqsədilə bu fəaliyyət növləri ilə məşğul olan hüquqi şəxslərin və fərdi sahibkarların fəaliyyəti lisenziyalaşdırılır.

13.2. Bu Qanunla müəyyən edilmiş hallar istisna edilməklə, xüsusi razılıq (lisenziya) olmadan və ya digər şəxslərə məxsus xüsusi razılıq (lisenziya) əsasında sərnişin və yük daşımalarının yerinə yetirilməsinə yol verilmir.

13.3. Xüsusi razılıq (lisenziya) avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının aşağıdakı növlərinin yerinə yetirilməsi üçün verilir:

13.3.1. şəhərdaxili (rayondaxili) sərnişin daşımalarına;

13.3.2. şəhərlərarası (rayonlararası) sərnişin daşımalarına;

13.3.3. beynəlxalq sərnişin daşımalarına;

13.3.4. taksi minik avtomobilləri ilə sərnişin daşımalarına;

13.3.5. ölkədaxili yük daşımalarına;

13.3.6. beynəlxalq yük daşımalarına.

13.4. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması sahəsində fəaliyyət üçün bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş hər bir daşıma növü üzrə ayrıca xüsusi razılıq (lisenziya) tələb olunur.

13.5. Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşınmasına verilmiş xüsusi razılıq (lisenziya) əsasında yük daşıyıcısı ölkədaxili yük daşımalarını yerinə yetirmək hüququna malikdir.

13.6. Hüquqi şəxslər və ya fərdi sahibkarlar tərəfindən sərəncamlarında olan avtonəqliyyat vasitələri ilə təsərrüfat ehtiyacları üçün öz işçilərinin və ya yüklərinin daşınmasına xüsusi razılıq (lisenziya) tələb olunmur.

13.7. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınmasına xüsusi razılıq (lisenziya) qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən 5 il müddətinə verilir.

Maddə 14. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına xüsusi

razılıq (lisenziya) verilməsinin şərtləri

14.1. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının yerinə yetirilməsinə xüsusi razılıq (lisenziya) aşağıdakı şərtlərlə verilir:

14.1.1. hüquqi şəxsin və ya fərdi sahibkarın vergi orqanlarında qeydiyyatda olması;

14.1.2. hüquqi şəxsin və ya fərdi sahibkarın mülkiyyət hüququ və ya digər qanuni əsaslarla təyinatına, konstruksiyasına, habelə daxili və xarici avadanlıqla təchizatına görə yük və sərnişin daşımalarının yerinə yetirilməsi üçün nəzərdə tutulmuş və qanunvericiliklə müəyyən edilmiş qaydada yol hərəkətinə buraxılmış avtonəqliyyat vasitələrinə malik olması;

14.1.3. hüquqi şəxsin və ya fərdi sahibkarın müəyyən edilmiş tələblərə cavab verən və bu Qanunun 27.3-cü və 50.5-ci maddələri ilə nəzərdə tutulmuş xüsusi hazırlıq keçmiş avtonəqliyyat vasitələrinin sürücüləri ilə əmək müqaviləsinin olması;

14.1.4. hüquqi şəxsin və ya fərdi sahibkarın mülki məsuliyyətin icbari sığortası.

14.2. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına xüsusi razılıq (lisenziya) almaq üçün hüquqi şəxs və ya fərdi sahibkar tərəfindən lisenziya verən dövlət orqanına aşağıdakı sənədlər və məlumatlar təqdim edilir:

14.2.1. müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi formada ərizə;

14.2.2. hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin və ya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının surəti;

14.2.3. ərizəçinin vergi orqanları tərəfindən qeydiyyata alınması haqqında müvafiq sənədin surəti;

14.2.4. mülkiyyətində və digər qanuni əsaslarla sərəncamında olan avtonəqliyyat vasitələrinin ümumi və növlər üzrə sayı haqqında məlumat;

14.2.5. sərnişin və ya yük daşımaları üçün istifadə olunması nəzərdə tutulmuş avtonəqliyyat vasitələrinin hər biri üçün müvafiq hüquqi şəxsin və ya fərdi sahibkarın mülkiyyət və digər qanuni əsaslarla istifadə (icarə, etibarnamə və s.) hüququnu təsdiq edən sənədlərin, habelə həmin avtonəqliyyat vasitələrinin texniki baxışdan keçdiyi haqda məlumatın göstərildiyi dövlət qeydiyyatı şəhadətnaməsinin surəti;

14.2.6. sürücülərin müvafiq kateqoriyalı sürücülük vəsiqəsinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda zəruri iş stajı və ya sürücülük təcrübəsi barədə təsdiqedici sənədlərin surəti;

14.2.7. ümumi istifadədə olan sərnişin avtonəqliyyat vasitələrinin, habelə beynəlxalq yük daşımalarında istifadə edilən avtonəqliyyat vasitələrinin sürücülərinin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədlərin surətləri;

14.2.8. avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsinin surəti;

14.2.9. lisenziya almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd (bu maddə ilə nəzərdə tutulmuş digər sənədlərdə çatışmazlıqlar müəyyən edilmədikdə təqdim olunur).

14.3. Xüsusi razılıq (lisenziya) verən müvafiq icra hakimiyyəti orqanı avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına xüsusi razılıq (lisenziya) verərkən bu Qanunun 15.5-ci maddəsində nəzərdə tutulmuş qaydada avtonəqliyyat vasitəsinin müəyyən olunmuş tələblərə uyğunluğunu nəzərə almalıdır.

14.4. Sərnişin və yük daşımalarına xüsusi razılıq (lisenziya) almaq üçün hüquqi şəxs və ya fərdi sahibkar tərəfindən təqdim edilmiş sənədlərdəki məlumatların düzgünlüyünə görə həmin şəxslər məsuliyyət daşıyır.

Maddə 15. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının

lisenziyalaşdırılmasının xüsusiyyətləri

15.1. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına verilən xüsusi razılığa (lisenziyaya) onu almış daşıyıcının sərəncamında olan avtonəqliyyat vasitələrinin sayına uyğun olaraq lisenziya kartları əlavə edilir.

15.2. Lisenziya kartında aşağıdakılar göstərilir:

15.2.1. lisenziya kartının nömrəsi və verilmə tarixi;

15.2.2. xüsusi razılığın (lisenziyanın) qeydiyyat nömrəsi, tarixi və qüvvədə olma müddəti;

15.2.3. xüsusi razılıq (lisenziya) sahibinin adı və ünvanı;

15.2.4. avtonəqliyyat vasitəsinin markası, növü və dövlət qeydiyyat nişanı barədə məlumatlar;

15.2.5. daşımaların növü (müntəzəm sərnişin daşımalarında müvafiq müntəzəm marşrutun nömrəsi göstərilməklə);

15.2.6. avtonəqliyyat vasitəsinin rüblük texniki yoxlamadan keçməsi barədə qeydlər;

15.2.7. lisenziya kartını vermiş səlahiyyətli orqanın möhürü və vəzifəli şəxsinin imzası;

15.2.8. lisenziya kartının etibarlılıq müddəti.

15.3. Lisenziya kartının etibarlılıq müddəti xüsusi razılığın (lisenziyanın) qüvvədə olma müddəti ilə eynidir. Avtonəqliyyat vasitəsindən icarə və ya etibarnamə əsasında istifadə edildikdə, lisenziya kartının etibarlılıq müddəti xüsusi razılığın (lisenziyanın) qüvvədə olma müddətindən artıq olmamaqla, icarə müqaviləsinin yaxud etibarnamənin qüvvədə olma müddəti ilə müəyyən edilir.

15.4. Sərəncamında olan avtonəqliyyat vasitələrinin sayı dəyişdikdə yaxud avtonəqliyyat vasitəsi başqası ilə əvəz olunduqda, hüquqi şəxs və ya fərdi sahibkar sərnişin və yük daşınmasına xüsusi razılıq (lisenziya) vermiş orqana əlavə lisenziya kartlarının verilməsi haqqında ərizə ilə müraciət etməlidir. Ərizəyə bu Qanunun 14.2.4-cü, 14.2.5-ci, 14.2.6-cı və 14.2.7-ci maddələrində müəyyən edilmiş sənədlər əlavə olunmalıdır. Əlavə lisenziya kartlarının verilməsi haqqında ərizəyə 10 gün müddətində baxılır və nəticəsi barədə müraciət edən şəxsə yazılı formada bildirilir.

15.5. Sərnişin və yük daşımaları üçün avtonəqliyyat vasitəsinə lisenziya kartı verilərkən, habelə lisenziya kartı verildikdən sonra rübdə bir dəfə həmin avtonəqliyyat vasitəsinin texniki, istismar, təhlükəsizlik və ekoloji tələblərə uyğunluğu Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlanılır. Həmin yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

15.6. Sərnişin və yük daşınmasına verilmiş xüsusi razılıq (lisenziya) ləğv edildikdə, qüvvəsi dayandırıldıqda və ya daşımalarda istifadə edilən sərnişin və ya yük avtonəqliyyat vasitəsi rüblük texniki yoxlamadan keçmədikdə, lisenziya kartları daşıyıcıdan geri alınır.

15.7. Nəqliyyat xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması məqsədilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomobil nəqliyyatı ilə daşımaların və ya avtonəqliyyat vasitələrinin müəyyən növləri üçün xüsusi razılığın (lisenziyanın) yaxud lisenziya kartlarının sayına məhdudiyyətlər tətbiq edilə bilər. Müvafiq icra hakimiyyəti orqanı məhdudiyyətləri tədbiq etməzdən 60 gün əvvəl kütləvi informasiya vasitələrində məlumat verir.

Maddə 16. Avtomobil nəqliyyatının standartlaşdırılması, metroloji

təminatı və sertifikatlaşdırılması

16.1. Avtomobil nəqliyyatında standartlaşdırma, metroloji təminat və sertifikatlaşdırma Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktları ilə müəyyən olunmuş qaydada yerinə yetirilir.

16.2. Avtomobil nəqliyyatında dövlət metroloji nəzarət Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarına uyğun olaraq aparılır.

16.3. Avtomobil nəqliyyatı sahəsində fəaliyyət, yol hərəkətinin və daşımaların təhlükəsizliyi, insanların həyat və sağlamlığı, ətraf mühitin mühafizəsi, habelə digər norma və tələblərə uyğun olmalıdır.

III fəsil

Avtomobil nəqliyyatı ilə daşımaların yerinə yetirilməsinin

ümumi əsasları

Maddə 17. Avtomobil nəqliyyatı ilə kommersiya məqsədli daşımaların

yerinə yetirilməsinin hüquqi əsasları

17.1. Avtomobil nəqliyyatı ilə kommersiya məqsədli daşımalar sərnişin və yük daşımaları haqqında müqavilə, sərnişin və yük daşımalarının təşkil olunması haqqında müqavilə, icarə (kirayə) müqaviləsi, habelə avtomobil daşıyıcıları ilə avtomobil nəqliyyatı ilə daşımaların sifarişçiləri (sərnişinlər, yükgöndərənlər, sərnişin və yük avtomobil daşımalarının təşkilatçıları) arasında bağlanan digər müqavilələr əsasında yerinə yetirilir.

17.2. Ən azı iki nəqliyyat növündən istifadə edilməklə yerinə yetirilən sərnişin və yük daşımaları (qarışıq daşımalar) daşıyıcılarla daşımaların sifarişçiləri (təşkilatçıları) arasında bağlanılan müqavilələr əsasında yerinə yetirilir.

Maddə 18. Avtomobil nəqliyyatı ilə sərnişin, baqaj və yük daşınması

qaydaları

Avtomobil nəqliyyatı ilə sərnişinlərin və yüklərin daşınmasının təşkili və yerinə yetirilməsi qaydası müvafiq olaraq “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları” və “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları” ilə müəyyən edilir və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.

Maddə 19. Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımalar

19.1. Daşıyıcının hər hansı hüquqi və ya fiziki şəxsin sifarişi (müraciəti) ilə tənzimlənən və ya elan edilmiş tariflər üzrə daşımaları yerinə yetirmək öhdəliyi, ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə kommersiya məqsədli daşınma hesab edilir.

19.2. Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcı daşımaların şərtlərinin, o cümlədən tariflər barədə məlumatların şəffaflığını təmin etməlidir.

Maddə 20. Taksi minik avtomobilləri ilə sərnişin daşımaları

20.1. Taksi minik avtomobilləri ilə sərnişin daşımaları xüsusi razılığa (lisenziyaya) malik olan daşıyıcılar tərəfindən metroloji yoxlamadan keçmiş taksometrin göstəriciləri üzrə, ödəniş əsasında yerinə yetirilir.

20.2. Taksi minik avtomobilləri ilə sərnişin daşımaları müəyyən edilmiş ərazi hüdudları daxilində hər hansı şəxsin sifarişi əsasında qeyri-müntəzəm marşrut üzrə yerinə yetirilir.

20.3. Taksi minik avtomobilləri ilə sərnişin daşımalarını yerinə yetirən daşıyıcı sifariş gözləyərkən yalnız avtonəqliyyat vasitələri üçün müəyyən olunmuş dayanacaqlardan istifadə etməlidir.

20.4. Taksi minik avtomobilləri ilə sərnişin daşımalarının xüsusiyyətləri “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları” ilə müəyyən olunur.

Maddə 21. Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarının

sifarişi

21.1. Avtomobil nəqliyyatı ilə müntəzəm beynəlxalq, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarının təmin olunması məqsədilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən marşrut şəbəkəsi müəyyənləşdirilir və dövlət sifarişi formalaşdırılır.

21.2. Daşıyıcılar avtomobil nəqliyyatı ilə müntəzəm beynəlxalq, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarının yerinə yetirilməsinə sifarişçinin keçirdiyi müsabiqə əsasında cəlb olunurlar.

21.3. Sifarişçi müsabiqəyə müntəzəm avtobus marşrutlarını və ya daşımaların intensivliyini, həmçinin rentabelliyini nəzərə alaraq marşrutların müvafiq reyslərini çıxarır.

21.4. Müsabiqənin qalibləri müntəzəm marşrutlar və ya marşrutların müəyyən reysləri üzrə sərnişindaşıma xidmətləri göstərmək hüququnu əldə edirlər.

21.5. Sifarişçi müsabiqənin qalibinin maddi-texniki bazasını nəzərə alaraq hər bir şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) marşruta dair 5 ilədək, lakin 3 ildən az olmayan müddətə, beynəlxalq marşruta dair isə 3 ilədək, lakin 1 ildən az olmayan müddətə müvafiq marşrut üzrə sərnişin daşınması (sərnişin daşınmasının təşkili) haqqında müqavilə bağlayır. Müsabiqənin qalibi olan daşıyıcı dövlət sifarişi əsasında sərnişin daşımalarını yerinə yetirə bilmədikdə yaxud lazımi qaydada yerinə yetirmədikdə və ya onunla bağlanmış müqavilənin digər şərtlərini pozduqda sifarişçi həmin müqaviləni birtərəfli qaydada vaxtından əvvəl ləğv etmək hüququna malikdir.

21.6. Müəyyən marşrut üzrə müsabiqədə yalnız bir iddiaçı olan daşıyıcı iştirak etdikdə, müvafiq müqavilə yalnız həmin daşıyıcının müsabiqənin bütün tələblərinə uyğun olduğu halda bağlanılır.

21.7. Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 22. Nəqliyyat sənədləri

22.1. Sərnişin və ya yük daşımalarının yerinə yetirilməsi üçün tələb edilən sənədlərin forması və rəsmiləşdirilməsi qaydası müvafiq olaraq “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları” və “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları” ilə müəyyən olunur.

22.2. Sərnişin və ya yük daşınması məqsədilə avtonəqliyyat vasitəsindən istifadə edilməsi müvafiq formada tərtib edilən yol vərəqəsi ilə rəsmiləşdirilir.

22.3. Müntəzəm marşrut üzrə sərnişin daşımaları yerinə yetirilərkən hər bir sərnişin gediş sənədinə (biletə), baqaj ödəniş əsasında daşındıqda isə, həmçinin onun daşınma haqqının ödənildiyini təsdiq edən sənədə (baqaj qəbzinə) malik olmalıdır. Müvafiq gediş sənədinin (biletin) satışını və sərnişinin baqajının daşınma haqqının ödənildiyini təsdiq edən sənədin verilməsini daşıyıcı və ya avtomobil nəqliyyatı ilə daşımaların təşkilatçısı təmin etməlidir.

22.4. Qeyri-müntəzəm sərnişin daşınması müvafiq formada tərtib edilən formulyar (sərnişinlərin siyahısı) ilə rəsmiləşdirilə bilər.

22.5. Avtomobil nəqliyyatı ilə yüklərin daşınması əmtəə-nəqliyyat qaiməsi və ya sifariş-tapşırıq ilə rəsmiləşdirilir. Həmin sənəd yükün daşındığı müddət ərzində sürücüdə saxlanılmalıdır.

Maddə 23. Avtomobil nəqliyyatı ilə daşımaların marşrutu

23.1. Avtomobil daşıyıcısı sərnişinləri və ya yükü müvafiq avtonəqliyyat vasitəsi üçün daşımanın sifarişçisi tərəfindən müəyyən olunmuş marşrut üzrə daşımalıdır. Marşrut müəyyən edilmədikdə avtomobil daşıyıcısı sərnişinləri və ya yükü ən qısa marşrut üzrə daşımalıdır.

23.2. Daşınmanın daha uzun marşrutla yerinə yetirilməsi məqsədəuyğun olduqda, avtomobil daşıyıcısı həmin marşrutu daşınmanın sifarişçisi ilə əvvəlcədən razılaşdırmalıdır.

23.3. Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları üzrə müntəzəm marşrutların müəyyən edilməsi və rəsmiləşdirilməsi qaydası “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları” ilə müəyyən olunur.

Maddə 24. Avtonəqliyyat vasitələrinin daşınmanın sifarişçisinə təqdim

olunması

24.1. Daşıyıcı sərnişin və ya yük daşımalarının yerinə yetirilməsi üçün yararlı və saz vəziyyətdə olan avtonəqliyyat vasitəsini sifarişçiyə təqdim etməlidir.

24.2. Avtonəqliyyat vasitəsinin avtomobil daşınmasının sifarişçisinə təqdim edilməsi vaxtı avtonəqliyyat vasitəsinin sifarişçinin müəyyən etdiyi məntəqəyə gəldiyi və sürücü tərəfindən daşınmanın yerinə yetirilməsi üçün tələb edilən sənədlərin təqdim olunduğu vaxtdan hesablanır.

24.3. Avtomobil daşınmasının sifarişçisi müqavilə şərtlərinə uyğun olmayan və ya müvafiq avtomobil daşınmasının yerinə yetirilməsi üçün yararsız hesab etdiyi avtonəqliyyat vasitəsindən imtina etmək hüququna malikdir. Bu halda avtonəqliyyat vasitəsi sifarişçiyə təqdim olunmamış hesab edilir.

Maddə 25. Avtomobil nəqliyyatı ilə daşımaların sığortalanması

25.1. Avtomobil nəqliyyatı ilə daşımalar yerinə yetirilərkən icbari və ya könüllü sığorta tətbiq olunur.

25.2. Avtomobil nəqliyyatı ilə daşınan sərnişinlər “Sərnişinlərin icbari sığortası haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunmuş qaydada icbari sığorta olunmalıdırlar.

25.3. Yol-nəqliyyat hadisələri nəticəsində şəxslərin sağlamlığına və əmlakına vurulmuş zərərə görə avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası “Azərbaycan Respublikasında nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır.

25.4. Sərnişinlərin, avtomobil nəqliyyatı ilə daşımaların yerinə yetirilməsi ilə əlaqədar olan heyət üzvlərinin həyatının, sağlamlığının və əmlakının, baqajın, yükün, avtonəqliyyat vasitəsinin və kommersiya risklərinin, habelə daşıyıcının məsuliyyətinin sığortalanması müvafiq sığorta müqavilələri əsasında həyata keçirilir.

Maddə 26. Avtomobil nəqliyyatı ilə daşımaların təhlükəsizliyinin və ətraf

mühitin mühafizəsinin təmin olunması

26.1. Avtomobil nəqliyyatı ilə daşımaların təhlükəsizliyinin təmin olunması aşağıdakı istiqamətlər üzrə tədbirlərin keçirilməsini nəzərdə tutur:

26.1.1. avtomobil nəqliyyatının təhlükəsiz və davamlı fəaliyyətinin, habelə ətraf mühitin mühafizəsinin təmin olunmasına yönəlmiş nəzarət, idarəetmə və hüquqi tənzimləmə;

26.1.2. yol hərəkəti təhlükəsizliyinin təmin olunmasına yönəlmiş proqramların hazırlanması və icrası.

26.2. Sərnişin və yük daşımaları ilə məşğul olan hüquqi və fiziki şəxslər daşımaların təhlükəsiz yerinə yetirilməsinə, ətraf mühitin mühafizəsinə dair Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarının tələblərinə riayət etməlidirlər.

26.3. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşmalarını yerinə yetirən daşıyıcılar sərəncamlarında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını, sürücülərinin reysqabağı tibbi müayinəsini müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada təşkil etməlidirlər.

26.4. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı mövcud normativ hüquqi aktlar, texniki qaydalar və təlimatlar əsasında avtomobil nəqliyyatı ilə sərnişin və yük daşmalarının təhlükəsizliyinə, habelə bu daşımalarda istifadə edilən avtonəqliyyat vasitələrinin istismarına və saxlanılmasına nəzarəti təmin edir.

IV fəsil

Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması

Maddə 27. Sərnişin avtomobil nəqliyyatı vasitələrinin sürücülərinə dair

tələblər

27.1. Avtobuslarla sərnişin daşımalarına “D” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 21-dən və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi üç ildən az olmayan sürücülər buraxılır.

27.2. Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına “B” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 19-dan və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi bir ildən az olmayan sürücülər buraxılır.

27.3. Ümumi istifadədə olan sərnişin avtonəqliyyat vasitələrinin, o cümlədən taksi minik avtomobillərinin sürücüləri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən peşə fəaliyyətinə və davranışına dair təsdiq olunmuş xüsusi proqram üzrə hazırlıq keçməli, habelə avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlar barədə zəruri biliklərə malik olmalıdırlar.

Maddə 28. Avtomobil nəqliyyatı ilə sərnişin daşınması müqaviləsi

28.1. Avtomobil nəqliyyatı ilə sərnişin daşınması müqaviləsinə görə daşıyıcı, sərnişini və onun baqajını yola düşmə yerindən təyinat məntəqəsinə çatdırmağı, sərnişin isə daşınma haqqını ödəməyi öhdəsinə götürür.

28.2. Müntəzəm marşrutlar üzrə avtomobil nəqliyyatı ilə sərnişin daşınması müqaviləsinin bağlanması sərnişinə verilmiş bilet və baqaj qəbzi ilə təsdiq olunur.

28.3. Gediş sənədlərinin (biletlərin) sərnişinlərə satışı daşıyıcı və ya avtomobil nəqliyyatı ilə daşımaların təşkilatçısı tərəfindən təşkil edilə bilər.

28.4. Avtomobil nəqliyyatı ilə sərnişin daşınması müqaviləsinin bağlanması qaydası Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktları ilə müəyyən edilir.

Maddə 29. Sərnişin avtonəqliyyat vasitəsinin icarəsi (fraxtetmə)

müqaviləsi

29.1. Sərnişin daşınması icarə (fraxtetmə) müqaviləsi əsasında yerinə yetirildikdə, daşıyıcı hüquqi və ya fiziki şəxslərin sifarişinə əsasən bir və ya bir neçə avtonəqliyyat vasitəsini haqqı sifarişçi tərəfindən ödənilmək şərti ilə bir və ya bir neçə reys üçün onlara təqdim etmək öhdəliyini üzərinə götürür.

29.2. Sərnişin avtonəqliyyat vasitələrinin icarəsi (fraxtetmə) müqaviləsinin bağlanması qaydası Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktları ilə müəyyən edilir.

Maddə 30. Avtomobil nəqliyyatı ilə sərnişin daşınmasının təşkili haqqında müqavilə

30.1. Avtomobil nəqliyyatı ilə sərnişin daşınmasının təşkili haqqında müqavilə əsasında daşımanın təşkilatçısı sifarişçinin tapşırığı ilə və onun hesabına sərnişinin və onun baqajının özü tərəfindən və ya üçüncü şəxslər (avtomobil nəqliyyatı ilə daşıyıcılar) vasitəsilə təyinat məntəqəsinə çatdırılmasını təşkil edir.

30.2. Müntəzəm və qeyri-müntəzəm marşrutlarda avtomobil nəqliyyatı ilə sərnişin daşımalarının yerinə yetirilməsi üçün hüquqi və fiziki şəxs (daşınmanın sifarişçisi) daşıyıcı və ya daşınmanın təşkilatçısı ilə sərnişin daşınmasının təşkili haqqında müqavilə bağlaya bilər.

30.3. Avtomobil nəqliyyatı ilə sərnişin daşınmasının təşkili haqqında müqavilədə daşınmanın marşrutu, qrafiki və cədvəli, istifadə olunacaq avtonəqliyyat vasitəsinin növü və ona dair tələblər, daşınma xidmətlərinin siyahısı, gediş haqqının məbləği və onun ödənilməsi qaydası, avtomobil nəqliyyatı ilə daşımaların həcmi və buna görə hesablaşma qaydası və digər şərtlər müəyyən edilə bilər.

30.4. Avtomobil nəqliyyatı ilə sərnişin daşınmasının təşkili haqqında müqavilənin əsasında sərnişin daşınması müqaviləsi bağlanıla bilər.

30.5. Avtomobil nəqliyyatı ilə sərnişin daşınmasının təşkili haqqında müqavilədə digər qayda nəzərdə tutulmamışdırsa, gediş haqqı sərnişin tərəfindən müəyyən olunmuş tariflər üzrə ödənilir.

Maddə 31. Sərnişinin əsas hüquqları

31.0 Sərnişin aşağıdakı əsas hüquqlara malikdir:

31.0.1. marşrut üzrə gediş bileti əldə etmək, avtonəqliyyat vasitəsinin salonunda biletdə göstərilmiş yeri, biletdə yer göstərilmədikdə isə boş yeri tutmaq və gedişi həyata keçirmək;

31.0.2. müntəzəm avtobus marşrutlarında ayrıca yer tutmadan, gediş haqqı ödəmədən 5 yaşına qədər bir uşağı özü ilə aparmaq;

31.0.3. müvafiq normalar həddində özü ilə ödənişsiz əl yükünü aparmaq;

31.0.4. çəkisi və ölçüləri müəyyən edilmiş normalardan artıq olmayan baqaj aparmaq;

31.0.5. real dəyərindən yüksək olmamaqla baqajın qiymətini elan etmək;

31.0.6. daşınma üçün təqdim olunan avtonəqliyyat vasitəsilə gediş tarifi alınmış gediş sənədinin (biletin) qiymətindən yüksək olarsa, gedişi əvvəl əldə olunmuş gediş bileti ilə əlavə pul ödəmədən həyata keçirmək;

31.0.7. daşıyıcı daşınma haqqı sərnişinin aldığı gediş sənədinin (biletin) qiymətinə nisbətən aşağı olan avtonəqliyyat vasitəsi istifadə edərsə, gediş sənədini (bileti) qaytarmaq və ya gediş üçün faktiki ödədiyi məbləğlə bu halda ödənilməli məbləğ arasındakı fərqi geri alaraq gedişi həyata keçirmək;

31.0.8. “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları” ilə müəyyən olunmuş qaydada gediş sənədini (bileti) geri qaytarmaq və ödənilmiş pulun tam məbləğini və ya müvafiq hissəsini geri almaq;

31.0.9. daşıyıcının təqsiri üzündən vurulmuş zərərə və ziyana görə kompensasiya almaq.

Maddə 32. Sərnişinin əsas vəzifələri

32.0. Sərnişinin əsas vəzifələri aşağıdakılardır:

32.0.1. “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na, habelə sərnişin daşımalarını tənzimləyən digər normativ hüquqi aktların tələblərinə riayət etmək, daşıyıcı ilə bağlanmış müqavilənin şərtlərini yerinə yetirmək;

32.0.2. öz təqsiri üzündən daşıyıcıya və digər şəxslərə vurulmuş zərərin əvəzini ödəmək;

32.0.3. gediş sənədini (bileti) almaq, gediş haqqını vaxtında və tam həcmdə ödəmək və gediş müddətində gedişə hüquq verən müvafiq sənədlərə malik olmaq;

32.0.4. müəyyən edilmiş hallarda baqaj və əl yükünün daşınmasına görə daşınma haqqını ödəmək.

Maddə 33. Avtomobil nəqliyyatı ilə sərnişin daşımalarının yerinə

yetirilməsi ilə əlaqədar daşıyıcının əsas hüquqları

33.0. Avtomobil nəqliyyatı ilə sərnişin daşınmasını yerinə yetirən daşıyıcı aşağıdakı əsas hüquqlara malikdir:

33.0.1. “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələblərinə və daşınma müqaviləsinin şərtlərinə riayət edilməsini sərnişindən tələb etmək;

33.0.2. avtomobil nəqliyyatı ilə sərnişin daşınmasına görə daşınma haqqını almaq;

33.0.3. qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, daşınma haqqını təyin etmək;

33.0.4. sərnişinin təqsiri üzündən vurulmuş zərərin ödənilməsini Azərbaycan Respublikasının normativ hüquqi aktlarına və müqavilə şərtlərinə uyğun olaraq ondan tələb etmək;

33.0.5. bu Qanunun 36-cı maddəsində nəzərdə tutulmuş hallarda sərnişin daşınması üzrə müqavilə öhdəliklərinin yerinə yetirilməsindən imtina etmək;

33.0.6. “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları” ilə nəzərdə tutulmuş digər hüquqlara malik olmaq.

Maddə 34. Avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını yerinə yetirən daşıyıcının əsas vəzifələri

34.0. Avtomobil nəqliyyatı ilə sərnişin daşımalarının yerinə yetirilməsi ilə əlaqədar daşıyıcının əsas vəzifələri aşağıdakılardır:

34.0.1. sərnişin və baqaj daşımalarını “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələblərinə uyğun olaraq yerinə yetirmək;

34.0.2. sərnişinlərin hüquqlarının təmin olunmasını və Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə nəzərdə tutulmuş hallarda və qaydada sərnişinlərin icbari sığortalanmasını təşkil etmək;

34.0.3. daşınmanın şərtləri və yerinə yetirilməsi qaydaları haqqında sərnişinlərə zəruri məlumatlar vermək;

34.0.4. yol hərəkətinin və daşımaların təhlükəsizliyini təmin etmək, ekoloji və sanitar normalara riayət etmək;

34.0.5. daşınma üzrə öhdəlikləri icra etmədikdə və ya lazımi qaydada icra etmədikdə Azərbaycan Respublikasının normativ hüquqi aktlarına uyğun olaraq sərnişinlərə vurulmuş ziyanın əvəzini və zərəri ödəmək;

34.0.6. texniki və ya digər səbəblərdən, o cümlədən, öz təqsiri üzündən daşınma dayandırıldıqda, öz hesabına sərnişinlərin təyinat məntəqəsinə çatdırılmasını təmin etmək.

Maddə 35. Avtomobil nəqliyyatı ilə baqaj daşınması

35.1. Daşıyıcı daşınma üçün qəbul edilmiş baqaja görə sərnişinə baqaj qəbzi verməlidir.

35.2. Daşıma başa çatdıqdan sonra baqaj sərnişinə və ya baqajı almaq səlahiyyəti olan şəxsə baqaj qəbzi təqdim edildikdə verilir.

35.3. Tələb olunmamış baqaj daşıyıcıda saxlanılır. 30 gün keçdikdən sonra tələb olunmamış baqaj “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları” ilə müəyyən olunmuş qaydada satıla bilər.

35.4. Baqajın satılmasından sonrakı altı ay ərzində sərnişin və ya baqaj qəbzini təqdim edən şəxs onun satışı ilə əlaqədar çəkilmiş xərclər çıxılmaqla, baqajın satılmasından daşıyıcının əldə etdiyi məbləği almaq hüququna malikdir.

Maddə 36. Daşıyıcının avtomobil nəqliyyatı ilə sərnişin daşımasından imtina etməsi

36.0. Aşağıdakı hallarda avtomobil daşıyıcısının sərnişinləri daşımaqdan imtina etmək hüququ vardır:

36.0.1. sərnişin avtonəqliyyat vasitəsində boş yer olmadıqda;

36.0.2. sərnişin ictimai asayiş qaydalarını pozduqda;

36.0.3. sərnişinin xəstə və ya sərxoş vəziyyətdə olması digər sərnişinlər üçün narahatlıq yaratdıqda;

36.0.4. sərnişin daşınması qadağan edilmiş əşyaların və maddələrin olduğu baqajı və ya əl yükünü aparmaq niyyətində olduqda;

36.0.5. sərnişin baqajın daşınmasına görə haqqı ödəmədikdə;

36.0.6. sərnişində olan gediş sənədinin (biletin) yerinə yetirilən avtomobil daşınmasına uyğunsuzluğu aşkar edildikdə;

36.0.7. “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları” ilə gediş haqqının bilavasitə daşınma prosesində ödənilməsi nəzərdə tutulduğu hallarda sərnişin gediş haqqını ödəmədikdə və ya tam ödəmədikdə;

36.0.8. sərnişin “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na əməl olunması barədə sürücünün və ya digər səlahiyyətli şəxsin qanuni tələblərini yerinə yetirməkdən imtina etdikdə.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin