Azərbaycan Dövlət İnformasiya Agentliyi

AVTOMOBİL NƏQLİYYATI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU(2)

V fəsil

Avtomobil nəqliyyatı ilə yük daşınması

Maddə 37. Avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsi

37.1. Avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsinə görə avtomobil daşıyıcısı yükgöndərən tərəfindən ona tapşırılmış yükü təyinat məntəqəsinə çatdırmağı və onu yükalana və ya yükü almağa səlahiyyəti olan şəxsə təhvil verməyi, yükgöndərən isə, müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa, yükün daşınmasına görə müəyyən olunmuş daşınma haqqını ödəməyi öhdəsinə götürür.

37.2. Avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsinin bağlanması qaydası Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktları ilə müəyyən edilir.

Maddə 38. Yük daşınması üçün avtonəqliyyat vasitəsinin icarəsi

(fraxtetmə) müqaviləsi

38.1. Yük daşınması üçün avtonəqliyyat vasitəsinin icarəsi (fraxtetmə) müqaviləsinə görə daşıyıcı hüquqi və ya fiziki şəxslərin (daşınmanın sifarişçisinin) sifarişi ilə haqqı ödənilməklə yük daşınması üçün yararlı olan bir və ya bir neçə avtonəqliyyat vasitəsinin tutumunu bütövlükdə və ya qismən bir və ya bir neçə reys üçün digər tərəfə vermək öhdəliyini üzərinə götürür.

38.2. Yük daşınması üçün nəzərdə tutulmuş avtonəqliyyat vasitəsinin icarəsi haqqında müqavilənin bağlanması qaydası Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktları ilə müəyyən edilir.

Maddə 39. Avtomobil nəqliyyatı ilə yük daşınmasının təşkili haqqında müqavilə

39.1. Avtomobil nəqliyyatı ilə mütəmadi yük daşınmasının yerinə yetirilməsi zərurəti yarandıqda, daşınmanın sifarişçisi (yükgöndərən, avtomobil nəqliyyatı ilə daşımaların təşkilatçısı) yük daşınmasının təşkili haqqında daşıyıcı ilə uzunmüddətli müqavilə bağlaya bilər.

39.2. Avtomobil nəqliyyatı ilə yük daşınmasının təşkili haqqında müqaviləyə əsasən daşıyıcı yükü müəyyən olunmuş müddətdə qəbul etməli, yükgöndərən isə şərtləşdirilmiş həcmdə yükü daşınmaq üçün təqdim etməlidir.

39.3. Avtomobil nəqliyyatı ilə yük daşınmasının təşkili haqqında müqavilədə daşımaların həcmi, müddəti, marşrutu, qrafiki, istifadə olunacaq avtonəqliyyat vasitələrinin növü, daşınma ilə əlaqədar digər xidmətlərin siyahısı, yük daşınması üçün avtonəqliyyat vasitələrinin və yükün daşıyıcıya təqdim edilməsinin şərtləri, hesablaşmaların qaydası, tərəflərin məsuliyyəti, yük daşınmasının təşkilinin digər şərtləri müəyyən edilir.

39.4. Avtomobil nəqliyyatı ilə yük daşınmasının təşkili haqqında müqavilə yükgöndərən və yük daşınmasının təşkilatçısı arasında bağlana bilər.

39.5. Avtomobil nəqliyyatı ilə yük daşınmasının təşkili haqqında müqavilə yük daşınması müqaviləsinin və icarə (fraxtetmə) müqaviləsinin bağlanması zəruriliyini istisna etmir.

Maddə 40. Avtomobil nəqliyyatı ilə yük daşınmasının rəsmiləşdirilməsi

40.1. Avtomobil nəqliyyatı ilə əmtəə təyinatlı yüklərin daşınması əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilir. Əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilməmiş əmtəə təyinatlı yüklər daşınma üçün qəbul edilə bilməz.

40.2. Əmtəə-nəqliyyat qaiməsi Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktları ilə müəyyən olunmuş formada tərtib edilir. Yük daşıma müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa, əmtəə-nəqliyyat qaiməsi yükgöndərən tərəfindən tərtib edilir.

40.3. Əmtəə-nəqliyyat qaiməsində aşağıdakılar göstərilir:

40.3.1. yük alanın ünvanı;

40.3.2. yükün çatdırılma yeri;

40.3.3. yük yerlərinin miqdarı, qabı, tərkibi və brutto çəkisi;

40.3.4. yükün göndərilmə vaxtı və avtonəqliyyat vasitəsinin növü;

40.3.5. yük qiymətli obyekt olduqda - onun dəyəri;

40.3.6. xüsusi təhlükəli və potensial təhlükəli yük olduqda - təhlükənin konkret növü və belə hallarda yerinə yetirilməli ehtiyat tədbirləri;

40.3.7. qaimənin tərtib edildiyi yer və tarix;

40.3.8. yükgöndərənin adı və ünvanı;

40.3.9. daşıyıcının adı və ünvanı;

40.3.10. yükləmənin yeri və tarixi;

40.3.11. yük yerlərinin adı və nömrələri;

40.3.12. daşımanın qiyməti (yük daşınması üçün haqq, əlavə xərclər);

40.3.13. zərurət olduqda, daşımanın şərtləri barəsində yükgöndərənin xüsusi göstərişləri.

40.4. Zəruri hallarda əmtəə-nəqliyyat qaiməsində aşağıdakı məlumatlar göstərilə bilər:

40.4.1. yükün boşaldılıb başqa nəqliyyat vasitələrinə yüklənməsinin qadağan edilməsi;

40.4.2. tərəflərin öz üzərinə götürdükləri və ya bir-birinə verdiyi avansın məbləğləri;

40.4.3. yük alanın daşıyıcıya ödədiyi məbləğ;

40.4.4. yükün dəyəri;

40.4.5. yükün sığortalanmasına dair yükgöndərənin göstərişi;

40.4.6. yükün daşınması üçün şərtləşdirilmiş müddətlər;

40.4.7. daşıyıcıya yüklə birlikdə verilmiş sənədlərin siyahısı.

40.5. Yük daşınması müqaviləsinin tərəfləri zəruri hesab etdikləri digər məlumatları əmtəə-nəqliyyat qaiməsinə daxil edə bilərlər.

40.6. Beynəlxalq avtomobil yük daşımaları yerinə yetirilərkən beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsi tərtib olunur.

40.7. Qeyri-əmtəə təyinatlı yüklərin, o cümlədən torpaq və qar kütləsinin, məişət və digər tullantıların daşınması ölçmə aktı və ya tərəzidə çəkmə aktı ilə rəsmiləşdirilə bilər. Bu cür aktların tərtib edilməsi, habelə qeyri-əmtəə təyinatlı yüklərin qəbul edilməsi və təhvil verilməsi qaydası “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları” ilə müəyyən edilir.

40.8. Avtomobil nəqliyyatı ilə əhalinin yüklərinin daşınması əmtəə-nəqliyyat qaiməsi və ya sifariş-tapşırıqla rəsmiləşdirilə bilər. Avtomobil nəqliyyatı ilə əhalinin yüklərinin daşınması “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”na əsasən təşkil olunur və yerinə yetirilir.

Maddə 41. Yük müşayiətedici digər sənədlər

41.1. Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən olunmuş yük müşayiətedici digər sənədlər tələb olunduğu hallarda (uyğunluq sertifikatı, baytarlıq və fitosanitar sertifikatı, malın mənşə sertifikatı) əvvəlcədən rəsmiləşdirilərək yükgöndərən tərəfindən əmtəə-nəqliyyat qaiməsinə əlavə olunmalıdır.

41.2. Daşıyıcı yük müşayiətedici əlavə sənədlərin düzgünlüyünü yoxlamaq vəzifəsini daşımır.

41.3. Yük müşayiətedici əlavə sənədlərdən lazımi qaydada istifadə etmədikdə və ya həmin sənədlər itirildikdə əmlak məsuliyyəti daşıyıcının üzərinə qoyulur.

Maddə 42. Yükün daşınma üçün hazırlanması və təqdim edilməsi

42.1. Avtonəqliyyat vasitəsi daşıyıcı və ya daşımanın təşkilatçısı tərəfindən təqdim edilənədək yükgöndərən yükü yüklənmək üçün hazırlamalı və müəyyən olunmuş tələblərə uyğun olaraq onu daşınma üçün təqdim etməlidir.

42.2. “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın tələbləri və avtomobil daşınması müqaviləsinin şərtləri pozulmaqla daşınma üçün təqdim edilmiş yük təqdim edilməmiş hesab olunur. Bu halda yükgöndərən yük daşınması müqaviləsinə və Azərbaycan Respublikasının normativ hüquqi aktlarına uyğun olaraq avtonəqliyyat vasitəsinin yüklənmək üçün təqdim edilməsi ilə bağlı daşıyıcıya vurulmuş zərəri ödəməlidir.

42.3. Yükgöndərənin yükü onun həqiqi dəyərindən artıq olmayan məbləğdə elan olunmuş qiymətlə daşınmaq üçün təqdim etmək hüququ vardır.

42.4. Müxtəlif növ yüklərin daşınma üçün hazırlanması və təqdim edilməsi qaydası “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları” və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilir.

Maddə 43. Yükün daşınma üçün qəbul edilməsi

43.1. Daşıyıcı yükü daşınma üçün qəbul edərkən əmtəə-nəqliyyat qaiməsinin rəsmiləşdirilməsinin düzgünlüyünü, yükün xarici görünüşünü, onun qablaşdırılmasını, yükün sayını və zəruri hallarda onun temperaturunu yoxlamalıdır.

43.2. Sistern və konteynerlərdə yaxud qalaq və füruş şəkildə olan yüklər daşınma üçün qəbul edildikdə, onların ümumi çəkisi müəyyən edilməli və əmtəə-nəqliyyat qaiməsində göstərilməlidir.

43.3. Yükün ümumi çəkisi və yük yerlərinin sayı yükgöndərən və daşıyıcı tərəfindən birlikdə müəyyən edilir və yoxlanılır.

43.4. Müxtəlif növ yüklərin ümumi çəkisinin müəyyən edilməsi qaydası “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları” ilə müəyyən edilir.

43.5. Sürücü tərəfindən əmtəə-nəqliyyat qaiməsinin imzalanmış nüsxəsi yükgöndərənə verildikdən sonra yük daşınma üçün qəbul edilmiş hesab olunur.

43.6. Əmtəə-nəqliyyat qaiməsinə müvafiq qeydlər edilməmişdirsə, daşınma üçün qəbul edildiyi anda yük və onun qablaşdırılması lazımi vəziyyətdə, yükün ümumi çəkisi, yük yerlərinin sayı və markalanması isə əmtəə-nəqliyyat qaiməsində olan göstəricilərə uyğun olduğu kimi hesab edilir.

43.7. Yük daşınması müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, yükləmə yükgöndərən tərəfindən həyata keçirilir.

43.8. Avtonəqliyyat vasitələrinin yüklənməsi üçün müəyyən edilmiş normalara riayət edilməsi, habelə avtomobil nəqliyyatı ilə daşımaların təhlükəsizliyinin və yükün qorunub saxlanmasının təmin edilməsi məqsədi ilə daşıyıcı yükün düzgün yerləşdirilməsinə və bərkidilməsinə nəzarət etməlidir.

43.9. Daşıyıcının göstərişi ilə yükgöndərən yükün yerləşdirilməsində və bərkidilməsində yol verilmiş pozuntuları aradan qaldırmalıdır.

43.10. Beynəlxalq daşımalar istisna olmaqla, yük daşınması üçün qapalı yük yerləri ilə təchiz edilmiş avtonəqliyyat vasitələri və ya digər nəqliyyat avadanlığı istifadə edildikdə, yükün yükgöndərən tərəfindən plomblanmasına yol verilir. Bu haqda əmtəə-nəqliyyat qaiməsində müvafiq qeyd edilməlidir. Yükün plomblanması qaydası “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları” ilə müəyyən edilir.

43.11. Avtomobil nəqliyyatı ilə yükün daşınma üçün qəbul edilməsinin digər şərtləri Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktları ilə müəyyən edilir.

Maddə 44. Yükün yükalana təhvil verilməsi

44.1. Daşıyıcı yükü təyinat məntəqəsində yükalana və ya yükü almağa səlahiyyəti olan şəxsə yük yerlərinin sayına və (və ya) yükün ümumi çəkisinə uyğun olaraq təhvil verir.

44.2. Qalaq və ya füruş şəkildə, yaxud avtomobil sisternində daşınan yüklərdə çatışmazlıq əlamətləri yoxdursa və yükalanda bu çatışmazlığı müəyyən etmək üçün lazımi vasitələr olmadıqda, həmin yüklər ümumi çəkisi yoxlanılmadan yükalana və ya yükü almağa səlahiyyəti olan şəxsə təhvil verilir.

44.3. Beynəlxalq daşımalar istisna olmaqla, qeyri-əmtəə təyinatlı yük daşındıqda, daşıyıcı onu yükalana və ya yükü almağa səlahiyyəti olan şəxsə təhvil vermək vəzifəsindən yükgöndərən tərəfindən azad oluna bilər. Bu halda daşıyıcının üzərinə həmin yükü yükgöndərən tərəfindən müəyyən edilmiş yerdə boşaltmaq vəzifəsi qoyulur.

44.4. Yükün çəkisi tərəzi vasitəsilə müəyyən edildikdə, əmtəə-nəqliyyat qaiməsində göstərilən yükün çəkisi ilə onun faktiki çəkisi arasında olan fərq təbii azalma normasını və ya tərəzidə çəkilmə dəqiqliyini keçmirsə, daşıyıcı yükün çəkisinin fərqinə görə məsuliyyət daşımır.

44.5. Yükün təhvil alınması yükalan tərəfindən əmtəə-nəqliyyat qaiməsində imza edilməklə və yükalan möhürə (ştampa) malik olduqda, möhür (ştamp) vurulmaqla təsdiq olunur.

Maddə 45. Yükalanın yükü almaqdan imtina etməsi və ya başqa ünvana çatdırılması haqda tələbi

45.1. Yükün xarab olması və zədələnməsi ilə əlaqədar xüsusiyyətlərini dəyişməsi nəticəsində ondan təyinatı üzrə tam və ya qismən istifadə etmək mümkün olmadıqda, yükalan yükü almaqdan imtina edə bilər.

45.2. Yükalan yükü almaqdan imtina, yaxud onun başqa ünvana çatdırılmasını tələb etdikdə, bu haqda əmtəə-nəqliyyat qaiməsində müvafiq qeyd etməlidir.

45.3. Yükalan yükü almaqdan imtina etdikdə, müqavilədə digər hal nəzərdə tutulmamışdırsa daşıyıcı bu yük barəsində yükgöndərənin yazılı göstərişlərini almalıdır.

45.4. Yükalan yükü almaqdan imtina etdikdə, yükün saxlanılması, satılması, yükgöndərənə geri qaytarılması və ya yeni ünvana çatdırılmasına görə daşıyıcının çəkdiyi əlavə xərcləri yükgöndərən ödəməlidir.

Maddə 46. Yükün yüklənməsi, çatdırılması və boşaldılması müddətləri

46.1. Avtonəqliyyat vasitəsinin yükləmə altında olduğu müddət onun daşıyıcı tərəfindən yüklənmək üçün verildiyi vaxtdan hesablanır.

46.2. Avtonəqliyyat vasitəsinin boşaldılma altında olduğu müddət yükün boşaldılma yerində onun sürücüsü tərəfindən əmtəə-nəqliyyat qaiməsinin yükalana təqdim edildiyi vaxtdan hesablanır.

46.3. Yüklənən və ya boşaldılan yük barəsində lazımi qaydada rəsmiləşdirilmiş əmtəə-nəqliyyat qaiməsi və bütün digər zəruri sənədlər avtonəqliyyat vasitəsinin sürücüsünə təqdim edildikdə, yükləmə və ya boşaltma başa çatmış hesab olunur.

46.4. Avtonəqliyyat vasitəsinin yükləmə və boşaldılma yerlərinə gəlməsi və çıxması vaxtı barədə yükgöndərən və yükalan əmtəə-nəqliyyat qaiməsində müvafiq qeyd etməlidirlər.

46.5. Yükləmə, çatdırılma və boşaldılma müddətləri, o cümlədən yükləmə və boşaldılma ilə əlaqədar digər əməliyyatların yerinə yetirilməsi müddəti Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktları, o cümlədən “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”, həmçinin avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsi ilə müəyyən edilir.

Maddə 47. Avtomobil nəqliyyatı ilə təhlükəli yüklərin daşınması

47.1. Avtomobil nəqliyyatı ilə daşımalar zamanı partlayışa və (və ya) yanğına, insanların və (və ya) heyvanların tələfatına, xəstələnməsinə, xəsarət almasına, zəhərlənməsinə, şüalanmasına səbəb ola bilən, habelə nəqliyyat vasitələrinin, tikililərin və digər infrastruktur obyektlərinin zədələnməsinə gətirib çıxaran və (və ya) ətraf mühitə ziyan vurma xüsusiyyətlərinə və güclü təsirə malik maddələr, materiallar, məhsullar və tullantılar təhlükəli yüklər hesab edilir.

47.2. Bu cür daşımalar zamanı yükgöndərən əmtəə-nəqliyyat qaiməsində təhlükəli yük barədə məlumatları göstərməlidir.

47.3. Təhlükəli yüklərin daşınması qaydası Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərinə uyğun olaraq müəyyən edilir.

Maddə 48. Avtomobil nəqliyyatı ilə iriqabaritli və ağırçəkili yüklərin daşınması

48.1. Yükünün qabaritləri və çəkisi, yaxud texniki göstəriciləri müvafiq normativlərlə müəyyənləşdirilmiş məhdudiyyətlərdən kənara çıxan avtonəqliyyat vasitələrinin ümumi istifadədə olan yollarla, o cümlədən, yaşayış məntəqələrinin küçələri ilə hərəkətinə əvvəlcədən təyin edilmiş xüsusi marşrut üzrə, müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında yol verilir.

48.2. Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi, onların hərəkətinə xüsusi icazənin verilməsi qaydası, habelə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri və ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 49. Qarışıq yük daşımalarının yerinə yetirilməsi

49.1. Ən azı iki nəqliyyat növündən istifadə edilməklə, bütün hərəkət yolu (göndərilmə məntəqəsindən təyinat məntəqəsinədək) üçün tərtib edilmiş vahid nəqliyyat sənədi əsasında yerinə yetirilən sərnişin və yük daşımaları qarışıq daşımalar hesab olunur.

49.2. Qarışıq yük daşınmasının yerinə yetirilməsi üçün daşıyıcılar digər nəqliyyat növləri ilə daşıyıcılarla və ya daşımaların təşkilatçıları ilə Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarına uyğun olaraq yük daşımalarının təmin edilməsi haqqında müqavilələr bağlayırlar.

VI fəsil

Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar

Maddə 50. Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaların təşkili

50.1. Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları, o cümlədən tranzit daşımaları Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq yerinə yetirilir.

50.2. Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin şərtlərinin Azərbaycan Respublikasının ərazisində yerinə yetirilməsini müvafiq icra hakimiyyəti orqanı aidiyyəti dövlət orqanları ilə birlikdə təmin edir.

50.3. Barəsində icazə sistemi tətbiq edilən xarici dövlətlərə yerinə yetirilən beynəlxalq daşımalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən “İcazə” blankları əsasında yerinə yetirilir.

50.4. Azərbaycan Respublikasının ərazisində xarici avtomobil daşıyıcılar tərəfindən ölkədaxili daşımalarının yerinə yetirilməsinə yol verilmir.

50.5. Beynəlxalq yük daşımalarında istifadə edilən avtonəqliyyat vasitələrinin sürücüləri beynəlxalq yük daşımalarına dair beynəlxalq konvensiyalar, sazişlər və digər sənədlər, habelə bu daşımaların xüsusiyyətləri barədə zəruri biliklərə malik olmaq üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş proqram üzrə xüsusi hazırlıq keçməlidirlər.

Maddə 51. Avtonəqliyyat vasitələrinin, yüklərin və baqajın (əl yükünün) Azərbaycan Respublikasının gömrük sərhədindən keçməsi

Avtonəqliyyat vasitələri, yüklər və baqaj (əl yükü) Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük işinə dair və digər normativ hüquqi aktlarına uyğun olaraq keçirilir.

VII fəsil

Avtomobil nəqliyyatının fəaliyyəti sahəsində məsuliyyət

Maddə 52. Avtomobil nəqliyyatı ilə daşınma müqaviləsindən irəli gələn öhdəliklərə görə məsuliyyət

52.1. Avtomobil nəqliyyatı ilə daşınma müqaviləsindən və daşınma ilə əlaqədar mülki qanunvericiliklə nəzərdə tutulmuş digər müqavilələrdən irəli gələn öhdəliklərin icra edilməməsinə və ya lazımi qaydada icra edilməməsinə görə müqavilə üzrə tərəflər bu Qanunla, Azərbaycan Respublikasının digər normativ hüquqi aktları və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

52.2. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, avtomobil nəqliyyatı ilə daşınma müqaviləsi üzrə qanunvericiliklə müəyyən edilmiş məsuliyyətin məhdudlaşdırılması yaxud aradan qaldırılması barədə tərəflərin razılaşması etibarsızdır.

Maddə 53. Avtonəqliyyat vasitəsinin yüklənmək üçün verilməməsinə görə daşıyıcının məsuliyyəti

53.1. Avtomobil nəqliyyatı ilə daşınma müqaviləsinə uyğun olaraq avtonəqliyyat vasitəsinin yüklənmək üçün verilməməsinə və ya vaxtlı-vaxtında verilməməsinə görə daşıyıcı Azərbaycan Respublikasının qanunvericiliyi, habelə tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

53.2. Avtonəqliyyat vasitəsinin yüklənmək üçün verilməməsi və ya vaxtlı-vaxtında verilməməsi qarşısıalınmaz qüvvənin təsiri və ya səlahiyyətli dövlət orqanları tərəfindən müəyyən istiqamətdə avtomobil nəqliyyatı ilə daşımaların məhdudlaşdırılması, yaxud dayandırılması nəticəsində baş verdikdə, daşıyıcı məsuliyyətdən azad olunur.

Maddə 54. Yükün və ya baqajın qorunub saxlanılmamasına və əl yükünün zədələnməsinə görə avtomobil daşıyıcısının məsuliyyəti

54.1. Yükün və ya baqajın daşınma üçün qəbul edildiyi vaxtdan yükalana, sərnişinə və ya digər səlahiyyətli şəxsə təhvil verilənədək itirilməsinin, əskik çıxmasının və ya zədələnməsinin (xarab olmasının) daşıyıcının təqsiri olmadan baş verdiyi sübut edilmədikdə, daşıyıcı məsuliyyət daşıyır.

54.2. Daşıyıcı yükün və ya baqajın avtomobil nəqliyyatı ilə daşınması zamanı vurulmuş zərəri aşağıdakı miqdarda ödəyir:

54.2.1. yük və ya baqaj itirildikdə, yaxud əskik çıxdıqda - müvafiq olaraq itirilmiş, yaxud əskik çıxmış yükün və ya baqajın dəyəri miqdarında;

54.2.2. yük və ya baqaj zədələndikdə (xarab olduqda) - onun dəyərinin azaldığı miqdarda, zədələnmiş yükü bərpa etmək mümkün olmadıqda isə, onun tam dəyəri miqdarında;

54.2.3. qiyməti elan olunmaqla avtomobil nəqliyyatı ilə daşınmaq üçün təhvil verilmiş yük və ya baqaj itirildikdə - həmin yük və ya baqajın elan olunmuş qiyməti miqdarında. Daşıyıcı həmin yükün və ya baqajın həqiqi dəyərinin elan olunmuş qiymətdən aşağı olduğunu sübut etdikdə isə - yükün və ya baqajın həqiqi dəyəri miqdarında.

54.3. Yükün və ya baqajın həqiqi dəyərinin müəyyən edilməsi üçün onların daşınma müqaviləsində yaxud hesablaşma sənədində göstərilmiş qiyməti əsas götürülür. Daşınma müqaviləsində yükün və ya baqajın qiyməti müəyyən edilmədikdə, yaxud hesablaşma sənədi olmadıqda isə, analoji malların mövcud bazar qiyməti əsas kimi götürülür.

54.4. Daşıyıcı yükün və ya baqajın itirilməsi, əskik çıxması və ya zədələnməsi (xarab olması) ilə əlaqədar müəyyən edilmiş zərəri ödəməklə yanaşı, həmin yükün və ya baqajın daşınmasına görə alınmış daşınma haqqını da (daşınma haqqı yükün və ya baqajın dəyərinə daxil olmadıqda) yükgöndərənə (yükalana), sərnişinə və ya səlahiyyəti olan digər şəxsə qaytarır.

Maddə 55. Sərnişin avtonəqliyyat vasitəsinin yola düşməsinin ləngidilməsi və ya təyinat məntəqəsinə çatmasının gecikdirilməsinə görə avtomobil daşıyıcısının məsuliyyəti

55.1. Avtobusun yola düşməsinin, yaxud təyinat məntəqəsinə çatmasının gecikdirilməsinin (şəhərdaxili daşımalar istisna olmaqla) qarşısıalınmaz qüvvənin təsiri nəticəsində və ya daşıyıcıdan asılı olmayan digər səbəblərdən baş verdiyi sübut olunmadıqda, daşıyıcı “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları” ilə müəyyən olunmuş qaydada və məbləğdə sərnişinə dəbbə pulunu ödəyir.

55.2. Avtonəqliyyat vasitəsinin ləngiməsi səbəbindən sərnişinin daşımadan imtina etdiyi hallarda daşıyıcı (avtomobil nəqliyyatı ilə daşımaların təşkilatçısı) daşınma haqqını tam məbləğdə sərnişinə geri qaytarmalıdır.

Maddə 56. Sərnişinin həyatına və ya sağlamlığına vurulmuş zərərə görə avtomobil daşıyıcısının məsuliyyəti

56.1. Avtomobil nəqliyyatı ilə daşımalar yerinə yetirilərkən sərnişinlərin həyatına və ya sağlamlığına vurulmuş zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri nəticəsində baş verdiyini sübut edə bilmədikdə, daşıyıcı vurulmuş zərərə görə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq maddi məsuliyyət daşıyır.

56.2. Avtomobil nəqliyyatı ilə sərnişin daşınması müqavilələrində sərnişinin həyatına və ya sağlamlığına vurulmuş zərərə görə daşıyıcının daha yüksək maddi məsuliyyəti nəzərdə tutula bilər.

Maddə 57. Avtomobil nəqliyyatı ilə daşımaların yerinə yetirilməsi ilə əlaqədar sifarişçinin daşıyıcı qarşısında məsuliyyəti

57.1. Daşımanın sifarişçisi avtomobil nəqliyyatı ilə daşınma müqaviləsinin şərtlərinin pozulmasına, təqdim edilmiş avtonəqliyyat vasitəsindən vaxtlı-vaxtında istifadə edilməməsinə görə daşıyıcı qarşısında müvafiq qanunvericiliklə və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

57.2. Sifarişçi onun təqsiri üzündən avtomobil daşıyıcısına, habelə daşıyıcının məsuliyyət daşıdığı digər şəxslərin əmlakına vurduğu zərərə görə məsuliyyət daşıyır.

57.3. Yük müşayiətedici sənədlərdə göstərilmiş düzgün olmayan, qeyri-dəqiq yaxud dolğun olmayan məlumatlarla əlaqədar və ya zəruri yük müşayiətedici sənədlərin olmaması səbəbindən daşıyıcıya və üçüncü şəxslərə vurulmuş zərərə görə məsuliyyəti yükgöndərən daşıyır.

57.4. Avtomobil nəqliyyatı ilə daşınma müqaviləsi üzrə öhdəliklərin icra edilməməsi və ya lazımi qaydada icra edilməməsi qarşısıalınmaz qüvvənin təsiri, müəyyən istiqamətlərdə daşımaların dayandırılması, yaxud məhdudlaşdırılması səbəbindən, habelə ondan asılı olmayan digər hallarda baş verdikdə, sifarişçi məsuliyyətdən azad olunur.

Maddə 58. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları ilə əlaqədar pretenziya və iddialar

58.1. Müqavilənin tərəfləri avtomobil nəqliyyatı ilə daşımalarla bağlı məhkəmədə iddia qaldırmazdan əvvəl “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları” və “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları” ilə müəyyən edilmiş qaydada və müddətlərdə pretenziya verməlidirlər.

58.2. Avtomobil nəqliyyatı ilə yük daşınması müqavilələrindən irəli gələn tələblər üzrə iddia müddəti 1 ildir .

58.3. Avtomobil nəqliyyatı ilə sərnişin daşınması müqavilələrindən irəli gələn tələblər üzrə iddia müddəti 6 aydır.

VIII fəsil

Avtomobil nəqliyyatı sahəsində dövlət nəzarəti

Maddə 59. Avtomobil nəqliyyatı ilə daşımalara dair qayda və tələblərə riayət edilməsinə dövlət nəzarətinin təşkili

Avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

IX fəsil

Yekun müddəalar

Maddə 60. Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə riayət edilməməsinə görə məsuliyyət

Bu Qanunun və avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələblərinə riayət etməyən avtomobil daşıyıcıları, yükgöndərənlər, yükalanlar, daşımaların təşkilatçıları, sərnişinlər və digər şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar.

Maddə 61. Qanunun qüvvəyə minməsi

Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 aprel 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin