İQTİSADİYYAT
Avtomobil Yolları Dövlət Agentliyində attestasiya imtahanı olub
Bakı, 18 mart, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində 2022-ci ilin iş planına əsasən ölkədə aparılan islahatlara və yeni çağırışlara uyğun hazırlanmış konsepsiya əsasında idarəetmənin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, qurumun fəaliyyətinin daha çevik və məqsədyönlü həyata keçirilməsi, yeni informasiya texnologiyaların idarəetməyə tətbiqinin genişləndirilməsi, elektronlaşma sahəsində islahatların aparılması, həmçinin agentlik əməkdaşlarının peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədilə İdarə Heyətinin sədri Saleh Məmmədov tərəfindən imzalanan əmrə uyğun olaraq attestasiya imtahanı keçirilib.
Attestasiya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi qaydaları” və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq keçirilib.
Attestasiya imtahanı iki mərhələdə agentliyin mərkəzi aparatının əməkdaşları və tabeliyindəki qurumlarının nomenklatur şəxsləri arasında aparılıb.
Attestasiyanın nəticələrinə uyğun olaraq, agentliyin strukturunda müəyyən dəyişiklər edilib. Belə ki, attestasiyadan keçən işçilərin fəaliyyətinin yaxşılaşdırılması, həmçinin nəticələrə görə edilən ixtisas və vəzifə dəyişikliklərinə uyğun yeni struktur quruluşu və ştat cədvəli müəyyənləşdirilib, işçilər arasında “kiçik mütəxəssis”, “mütəxəssis”, “böyük mütəxəssis” və “baş mütəxəssis” olaraq vəzifə bölgüsü aparılıb.
Sözügedən dəyişiklik agentliyin əməkdaşlarının peşəkarlıq, işgüzarlıq və mənəvi keyfiyyətlərinin obyektiv qiymətləndirilməsi, onların tutduğu vəzifəyə uyğunluğunun müəyyənləşdirilməsi, əməkhaqqının artırılması və gələcək inkişafının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.