REGİONLAR
Avtomobil yollarına yaxın yerləşən məktəblərin şagirdləri yol hərəkəti qaydaları haqqında maarifləndirilirlər VİDEO
Quba, 14 fevral, Elxan Yusifli, AZƏRTAC
Qubada avtomobil yollarının kənarında yerləşən tədris ocaqlarının şagirdləri yol hərəkəti qaydaları haqqında maarifləndirilirlər.
AZƏRTAC xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının iştirakı ilə növbəti təlimatlandırıcı görüşlər Quba şəhər 7 saylı və Ağbil kənd tam orta məktəblərində keçirilib.
Şagirdlərlə yanaşı, müəllim və valideynlərin də qatıldığı təlimatlandırma görüşlərinin təşkilindən əsas məqsəd uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin effektivliyinin yüksəldilməsinə dövlət yol polisinin köməyinin artırılmasıdır.
Görüşdə Yol-Patrul Xidməti alayının II taqım komandiri Arzu Nurəliyev son illər yol təhlükəsizliyi ilə bağlı tədbirlərin miqyasının artdığını və respublika üzrə qeydə alınan yol-nəqliyyat hadisələrinin azalmasında aparılan təbliğat işlərinin əhəmiyyətini vurğulayıb.
Bildirib ki, təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə, habelə uşaq və yeniyetmələrin toplaşdığı yerlərdə, onların hərəkət marşrutlarında yol şəraitinin yenidən müayinə olunması, hərəkətin təhlükəsiz təşkili nəzərə alınmaqla müvafiq tədbirlər, o cümlədən yol nişanlarının qoyulması, nişanlama xətlərinin çəkilməsi və s. tədbirlər həyata keçirilir.
Görüş zamanı praktik məşğələlər vasitəsilə şagirdlərə hərəkətin təhlükəsizliyinin mahiyyəti, yol nişanları barədə ətraflı məlumat verilib.
Dövlət yol polisi əməkdaşları məktəblilərin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri, yollarda nizam-intizam qaydaları barədə suallarını cavablandırıblar.