İQTİSADİYYAT
Avtovağzal qarşısındakı yol sürücülərin istifadəsinə verilib
Bakı, 2 sentyabr, AZƏRTAC
Beynəlxalq Avtovağzal kompleksi qarşısındakı avtobus dayanacağının yerləşdiyi giriş-çıxış yolu artıq sürücülərin istifadəsinə verilib.
Bu barədə AZƏRTAC-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, köməkçi yol kompleks ərazisində baş vermiş sürüşmə zonasında bərkitmə işləri tam olaraq yekunlaşdıqdan sonra açılıb.
Qeyd olunub ki, dayanacağa giriş-çıxış yolun zəruri olan yerlərində yararsız qrunt qazılaraq çıxarılıb. Daha sonra karbonat materialı tökülərək kipləşdirilib. Yolun köhnə asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınıb, əlavə bərkitmə işləri görülərək yol asfaltlanıb.
Sürüşmə baş vermiş yamacda aparılmış bərkitmə işləri zamanı yuxarı hissədə 16 metr uzunluğunda və 7 metr hündürlükdə 5 istinad divarı inşa edilib. Divarlarda ankerləmə işləri aparılıb, ərazidə yerləşən avtobus dayanacağının qarşısından keçən köməkçi yol boyu və əsas yolun kənarlarında ineksiya işləri görülüb.
Həmçinin yamacın aşağı hissəsinin bərkidilməsi istiqamətində də işlər aparılıb. Belə ki, 16 metr uzunluğunda və 8 seksiyadan ibarət istinad divarları inşa edilib. Buna paralel olaraq ərazidə svay vurma işləri də aparılıb.