İQTİSADİYYAT
“AXA-Mbask” tələbələr üçün “Sığorta işinin təşkili”mövzusunda nəzəri və praktiki kurslara başlamışdır
Bakı, 13 yanvar (AZƏRTAC). “AXA-Mbask” sığorta şirkəti “AXA-Mbask Akademiya” proqramı çərçivəsində tələbələr üçün “sığorta işinin təşkili” mövzusunda nəzəri və praktiki kurslara başlamışdır.
Şirkətdən AZƏRTAC-a bildirmişlər ki, bir ay davam edən kurs sayəsində tələbələr sığorta şirkətinin fəaliyyət mexanizmi ilə tanış olacaqlar. Eyni zamanda, iştirakçılar təhsil zamanı əldə etdikləri bilikləri təcrübədə tətbiq etmək imkanı qazanacaqlar. Kurs zamanı tələbələr şirkətin iş xüsusiyyətini öyrənəcək, təcrübi tapşırıqları yerinə yetirəcək, sığorta məhsullarının satış texnologiyası, anderraytinq, şirkətin sənəd dövriyyəsi, sığorta hadisələrinin tənzimlənməsi sahəsində biliklər, eləcə də risklərin idarə edilməsi üzrə ixtisaslaşdırılmış məsləhətlər əldə edəcəklər.
Mühazirələr “AXA-Mbask”ın menecerləri və aparıcı mütəxəssisləri tərəfindən oxunacaqdır.
Kursun sonunda tələbələrə müvafiq sertifikatlar təqdim ediləcəkdir. Əlavə olaraq fərqlənmiş tələbələr şirkətdə yay təcrübəsi keçəcək, burada daimi işə düzəlmək və uğurlu karyera qurmaq fürsəti əldə edəcəklər. Təlim müddətində bütün tələbələr bədbəxt hadisələrdən sığortalanacaqlar.
Kurslar hər rübün əvvəlində keçiriləcəkdir.