AXUND MƏŞƏDİ ƏLİ ƏLİYEVİN ÇIXIŞI
Hörmətli qonaqlar!
Xanımlar və cənablar!
Bu gün mən Sizi Tbilisidə yaşayan müsəlmanlar adından salamlayır, Sizə “Xoş gəlmisiniz!” deyirəm. Tbilisi Cümə məscidi bu gün özünün tarixi bir gününü yaşayır. Çünki Azərbaycan Respublikasının hörmətli Prezidenti bu gün buranı ziyarət edir.
Hörmətli Prezident, mən istərdim bir neçə məlumatları Sizin diqqətinizə çatdıram. Bu, çox tarixi bir məsciddir. Burada bizim böyük bir mədrəsəmiz, mədəniyyət mərkəzimiz var, tələbələrimiz təhsil alırlar. Bura Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadənin birbaşa nəzarəti altındadır.
Sizin Gürcüstana səfəriniz tarixi bir səfərdir, Gürcüstan və Azərbaycanın dostluq əlaqələri üçün mühüm bir rol oynayır. Gürcüstan və Azərbaycan arasında dostluq əlaqələri tarixən olub və Sizin bu səfəriniz bunu daha da möhkəmləndirir, gələcəkdə daha da genişlənməsi üçün imkanlar yaradır. Biz Tbilisi Cümə məscidi, ağsaqqallar adından Sizə öz minnətdarlığımızı bildiririk ki, bu məscidi ziyarət edirsiniz. Sizin bu gəlişinizi Gürcüstanda yaşayan azərbaycanlılar böyük məmnuniyyətlə, böyük sevinc hissi ilə qarşılayırlar. Bizim Sizin səfər proqramınız barədə məlumatımız var. Bundan sonra Borçalıya səfəriniz var. İnşallah, Borçalı camaatı Sizi gözəl və açıq ürəklə qarşılayacaq, neçə gündür çox böyük sevinclə bunun üçün hazırlıq gedir.
Sizə yenə də öz minnətdarlığımızı bildiririk və icazə verin, Tbilisi Cümə məscidi adından Tbilisi şəhərinin qədim guşəsinin təsvir olunduğu rəsm əsərini Sizə təqdim edim.
X X X
Məscidin axundu tablonu dövlətimizin başçısına təqdim etdi.
Azərbaycan Prezidenti İlham Əliyev hədiyyəyə görə təşəkkürünü bildirdi.
Dövlətimizin başçısı görüşdə çıxış etdi.