REGİONLAR
AYB Sumqayıt bölməsi yeni layihə gerçəkləşdirib
Sumqayıt, 27 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Azərbaycan Yazıçılar Birliyinin (AYB) Sumqayıt bölməsi, Sumqayıt Dövlət Rəsm Qalereyası ilə birlikdə “Dostluq körpüsü” adlı yeni layihə gerçəkləşdirib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan və Türkiyənin himninin səsləndirilməsi ilə başlayıb. AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin tədbiri açaraq Azərbaycanla Türkiyə arasında mövcud ədəbi-mədəni əlaqələrdən danışıb.
Qəzetçi, yazar, heykəltəraş Mustafa Taner, Anadolu Sənətçilər Birliyinin rəhbəri Sabit İnce, Almaniyalı iş adamı, sosioloq Yalçın Türkay çıxış edərək 70 illik yubileyini bugünlərdə qeyd edən Sumqayıtda olmaqlarından məmnunluqlarını bildiriblər.
Sumqayıt Dövlət Rəsm Qalereyasının müdiri Ellada Həsənova, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu, Azərbaycan-İraq Mədəni Əlaqələr İctimai Birliyinin sədri Tahirə Məmmədova, “Turan” ədəbi məclisinin sədri Rəfiqə Şəms, AYB Qubadlı Regional bölməsinin sədri Namiq Məna və digərləri çıxış edərək bu birliyin, qardaşlığın hər iki dövlətdə yaşayıb yaradan ədibləri üçün çox vacib olduğunu vurğulayıblar.
Türkiyənin ünlü bəstəkarı Ayzer Böyükerin mərhum şair Sabir Sarvanın “Qarabağlı uşaq” şeirinə bəstələdiyi mahnının klipinin və istedadlı şair Fethi Akının “İlin şarkısı” olmuş “Roza” əsərinin nümayişi tədbirə başqa bir ovqat bəxş edib.