ELM VƏ TƏHSİL
AYRI-AYRI FƏNLƏR ÜZRƏ TEST TOPLULARININ YENİ NƏŞRLƏRİ İŞIQ ÜZÜ GÖRMÜŞDÜR
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən hazırlanmış V-XI siniflər üçün ayrı-ayrı fənlər üzrə test toplularının yeni, təkmilləşdirilmiş nəşrləri işıq üzü görmüşdür.
TQDK-dan AZƏRTAC-a bildirmişlər ki, Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəbləri üçün dərs vəsaiti kimi təsdiq olunmuş bu vəsaitlər şagirdlərin müvafiq proqram materiallarını mənimsəmə səviyyəsinin yoxlanılması, keçilən mövzular üzrə biliklərinin möhkəmləndirilməsi, testlərlə işləmək vərdişlərinin artırılması məqsədi ilə hazırlanmışdır.
Orta məktəblərin tədris proqramlarına tamamilə uyğun olan test tapşırıqlarında dərsliklərdə edilmiş dəyişikliklər, yeniliklər nəzərə alınmışdır. Yeni vəsaitlərdə təklif olunan test tapşırıqları proqramın hər bölməsinə, rüblük və illik materiala müvafiqdir. Hər bölmədə bir neçə variant və hər variant üzrə 10 test tapşırığı verilmişdir. Bunun ardınca keçilmiş rüblük materialların mənimsənilmə səviyyəsinin yoxlanılması üçün testlər təqdim olunmuşdur. Sonda isə illik materialı yekunlaşdıran testlər qruplaşdırılmışdır. Vəsaitlərdə şagirdlərin biliyini yoxlamaq üçün verilən testlərin yanında cavab kartı forması da yerləşdirilmişdir. Məktəblilərin yerinə yetirdikləri test tapşırıqlarının qiymətləndirilməsi üçün 5 və 9 ballıq qiymətləndirmə sistemləri üzrə qiymət meyarları təklif olunmuşdur.
Yeni test toplularını fərqləndirən başlıca cəhətlərdən biri də onların nəfis tərtibatla çap olunmasıdır. Eyni zamanda, topluların üzərində onun aid olduğu fənn və sinfi göstərən yazılar qabarıq şəkildə dərc edilmişdir. Bunun sayəsində vəsaitlərin saxta olub-olmamasını müəyyən etmək mümkündür.