REGİONLAR
Azad edilmiş ərazilərdə məscidlərin bərpa olunması milli-mənəvi dəyərlərimizin qorunmasına töhfədir
Ağdam, 19 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Ermənistan 30 il ərzində işğalda saxladığı Azərbaycan ərazilərində məscidləri, müqəddəs ocaqları təhqir edib, tarixi və mədəni abidələri, məzarlıqları dağıdıb. Bu gün işğaldan azad edilmiş ərazilərə həyat yenidən qayıdır. Aparılan geniş tikinti-quruculuq işləri çərçivəsində tarixi abidələr, məscidlər də təmir və bərpa edilir. Bu isə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mədəni irsimizə böyük diqqət və qayğısının təzahürüdür, milli-mənəvi dəyərlərimizin qorunmasına töhfədir.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Ağdamın axund müavini hacı Mehman Nəsirov deyib.
Mehman Nəsirov bildirib ki, Ağdam Cümə məscidi şəhərdə tamamilə dağıdılmayan yeganə tikilidir. Ermənilər bu tarixi-dini ocağı dağıtmasalar da, təhqir ediblər.
O, 1868-1870-ci illərdə inşa olunan Ağdam Cümə məscidinin tarixin sərt sınaqlarından keçərək çox hadisələrə şahidlik etdiyini deyib: “Məscid 1870-ci ildən bu günədək çoxlu tarixi hadisələrin, müsibətlərin, faciələrin şahididir. 6 mindən çox şəhidimizin kəfn-dəfn işlərinə şahiddir. Məscid Xocalı faciəsinin dəhşətlərinin də şahididir. Ağdam Cümə məscidinin üzərində Qurani Kərimin Fəth surəsinin birinci ayəsi yazılıb. Həmin ayədə Allah-Təala buyurur ki, həqiqətən biz sənə açıq-aşkar bir fəth bəxş etdik. Doğrudan da, Allah bu müsibətlərin sonunda bizlərə Ali Baş Komandan, fateh olaraq, Prezident İlham Əliyevə fəthi nazil elədi. Bizlər də bu fəthi görən insanlarıq. Artıq Ağdam Cümə məscidində Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə başlanılıb. Fevralın 13-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi ilə tanış oldular. Bir qarabağlı, ağdamlı kimi və din xadimi olaraq Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına göstərdikləri diqqət və qayğıya görə dövlətimizin başçısına və Birinci vitse-prezidentimizə minnətdarlığımı bildirirəm. Əminəm ki, Qarabağdakı bütün dini ocaqlar, o cümlədən Ağdam Cümə məscidi tezliklə bərpa edilərək dindarların, xalqımızın istifadəsinə veriləcək”.