ORDU
Azad olunmuş ərazilərdə dislokasiya olunan hərbi hissələrin sosial-məişət şəraitinin yaxşılaşdırılması prioritet məsələlərdəndir
Bakı, 29 dekabr, AZƏRTAC
Azərbaycan Ordusunun maddi-texniki təminatı məsələləri daim diqqət mərkəzindədir. Xüsusilə, azad olunmuş ərazilərdə dislokasiya olunan hərbi hissələrin sosial-məişət şəraitinin yaxşılaşdırılması prioritet məsələlərdəndir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçuların döyüş hazırlığını yoxlamaq və onların sosial-məişət şəraiti, eyni zamanda, aparılan tikinti-quruculuq işləri ilə tanış olmaq məqsədilə azad olunmuş ərazilərə bu il ərzində otuz dəfədən çox səfər edib.
AZƏRTAC xəbər verir ki, bu barədə dekabrın 29-da keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov məlumat verib.
Anar Eyvazov vurğulayıb ki, yüksək dağlıq ərazilərdə yerləşən bölmələrdə fasiləsiz elektrik enerjisi, isti və soyuq su xətləri çəkilib, altı aylıq ərzaq, yanacaq ehtiyatı yaradılıb və qış mövsümü ilə əlaqədar bütün şəxsi heyət isti geyimlə təmin edilib.
Rəis müavini qeyd edib ki, Vətən müharibəsində sərf olunmuş raket və döyüş sursatlarının əvəzinə yeniləri alınaraq qoşunlara çatdırılıb, hazırda bütün birləşmə və hissələr döyüş sursatları ilə tam təmin olunub.
Müdafiə Nazirliyinin hərbi hissələrində müxtəlif təyinatlı 400-ə yaxın yeni hərbi infrastruktur obyektinin istismara verilməsi ilə bölmələrdə qoşun xidmətinin və döyüş növbətçiliyinin təşkili, o cümlədən şəxsi heyətin asudə vaxtının səmərəli keçirilməsi üçün münbit şərait yaradılıb.