REGİONLAR
Azad olunmuş ərazilərdəki hərbi hissələr üçün yeni yaradılan modul tipli yerləşmə məntəqəsinə mediatur təşkil edilib
Ağdam, 11 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
Müdafiə Nazirliyi işğaldan azad olunan ərazilərdəki hərbi hissələr üçün yeni yaradılan modul tipli yerləşmə məntəqəsinə mediatur təşkil edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mediatur çərçivəsində KİV nümayəndələrinə müasir avadanlıqlarla təchiz edilmiş müxtəlif təyinatlı qurğulardan ibarət modul tipli məntəqə, eləcə də bu məntəqədə əsgərlərin sosial məişət şəraitinin yaxşılaşdırılması üçün görülən işlər barədə məlumat verilib.
Birinci Ordu Korpusunun komandiri, general-mayor Hikmət Həsənov bildirib ki, 44 günlük Vətən müharibəsində tarix yazan qəhrəman Azərbaycan əsgərinin azad olunmuş ərazilərdə şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görülür. Bu işlər dövlətin Azərbaycan əsgərinə diqqət və qayğısının nümunəsidir.
Hikmət Həsənov qoşunların müasir tipli yaşayış kompleksləri ilə təmin edildiyini vurğulayaraq, bu sahədə görülən işlərin sistemli şəkildə aparıldığını diqqətə çatdırıb.