İQTİSADİYYAT
AZAL Bakı-Pekin-Bakı aviareysi üzrə birbaşa uçuşlara başlamışdır
Bakı, 9 avqust (AZƏRTAC). Avqustun 9-dan etibarən “Azərbaycan Hava Yolları-AZAL” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Bakı-Pekin-Bakı aviareysi üzrə birbaşa uçuşlara başlamışdır.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan yerli vaxtla saat 15:15-də havaya qalxan və 83 nəfər sərnişin tutumu olan Amerika istehsallı “Boinq-767” tipli müasir və yüksək komfortlu təyyarənin uçuş müddəti 6 saat 30 dəqiqədir.
“Azərbaycan Hava Yolları-AZAL” QSC prezidentinin köməkçisi, xidmət rəisi Məhərrəm Səfərli jurnalistlərə müsahibəsində bildirmişdir ki, AZAL beynəlxalq reyslərin sayını artırmaqdadır və Pekin AZAL-ın uçuş coğrafiyasında 34-cü şəhərdir.
M.Səfərli qeyd etmişdir ki, Prezident İlham Əliyevin xaricdə yaşayan soydaşlarımıza göstərdiyi diqqət və qayğının bariz nümunəsi olan bu reysin açılışı həm də ölkəmizdə turizmin və biznesin inkişafına təkan verəcəkdir. Eyni zamanda, Bakı-Pekin-Bakı marşrutundan bir sıra digər ölkələrin vətəndaşları da Çinin paytaxtına uçmaq üçün tranzit olaraq Heydər Əliyev Beynəlxalq Aeroportundan istifadə edəcəklər.
O, bildirmişdir ki, Bakı-Pekin aviareysi üzrə uçuşlar həftənin II və V günləri həyata keçiriləcəkdir. Bakı-Pekin-Bakı istiqamətində aviabiletlərin qiyməti 480 manatdan başlayır.
Avqustun 9-da, həmçinin Bakı-Gəncə-Naxçıvan reysinin bərpa olunduğunu deyən M.Səfərli, avqustun 22-dən etibarən isə Qəbələ-Sank-Peterburq reysinin açılacağını diqqətə çatdırmışdır.
M.Səfərli vurğulamışdır ki, artıq “Azərbaycan Hava Yolları” Braziliya istehsalı olan 3 ədəd “Embraer190” və 1 ədəd “Embraer170” tipli hava gəmilərini öz təyyarə parkına əlavə etmişdir. Daha iki “Embraer” tipli təyyarə isə ilin sonunadək alınacaqdır. Bu hava gəmiləri ilə Rusiya şəhərlərinə aviareyslərin yerinə yetirilməsi nəzərdə tutulur.
AZAL-ın təyyarə parkı təhlükəsizliyin bütün tələblərinə cavab verən müasir təyyarələrdən ibarətdir. Milli aviadaşıyıcımız olan AZAL-ın təyyarə parkında bu gün yetərincə “Aerobus-319”, “Aerobus-320”, “Boeing-757-200”, “Aerobus-340-500” və “Boeing-767-300ER” kimi ən müasir avialaynerlər vardır.
Həmçinin AZAL ilk dəfə olaraq aviaparkına 2014-cü ildə “Boeing-787 Dreamliner” tipli müasir təyyarə də əlavə edəcəkdir. Beləliklə, 2014-cü ildən başlayaraq bu tipli təyyarələrlə uzaq Amerika qitəsinə, Cənub-Şərqi Asiya və Avropanın bir sıra ölkələrinə yüksək komfortlu və təhlükəsiz uçuşların həyata keçirilməsi mümkün olacaqdır.
Nəhəng aviaşirkətə çevrilmiş AZAL həm regionda, həm də MDB məkanında yeni avialaynerlərin sayına görə liderlərdən biridir.