İQTİSADİYYAT
“AZENKO” ŞİRKƏTİ ÖLKƏDƏ ƏN BÖYÜK TİKİNTİ TƏŞKİLATLARINDAN BİRİDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycanın “AZENKO” şirkəti hazırda ölkədə tikinti-quraşdırma işlərini yerinə yetirən ən böyük təşkilatlardan biridir. “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti şirkətin baş direktoru Cavid Şalbuzova istinadla bildirir ki, hazırda “AZENKO”nun kollektivinin qarşısında duran əsas vəzifə Bakı modul tipli elektrik stansiyasının tikintisini fevralın 15-dək başa çatdırmaqdır.
Sumqayıtdakı 517 meqavatlıq buxar-qaz qurğusunun tikintisində, Əli Bayramlı-İmişli-Parsabad (İran), Astara-Astara (İran) yüksəkgərginlikli elektrik xətlərinin çəkilişində, Salyandakı 220 kilovoltluq müasir yardımçı stansiyanın inşasında və başqa obyektlərdə yerinə yetirilən strateji və iqtisadi əhəmiyyətli işlərdə şirkətin əməyi böyükdür.
“AZENKO” inşaatçıları Bakı modul elektrik stansiyasının tikintisini başa çatdırdıqdan sonra Şəmkir su elektrik stansiyasını əsaslı surətdə yenidən qurmaq prosesində iştirak edəcəklər. Bundan əlavə, inşaatçılar 300 meqavatlıq Səngəçal modul elektrik stansiyasının inşasına da ciddi hazırlaşırlar. Artıq müvafiq avadanlıq və zəruri texnika obyektə gətirilmişdir.