İQTİSADİYYAT
“Azəralüminium” MMC-nin nümayəndə heyəti ilə ADA Universitetinin əməkdaşları arasında işgüzar görüş keçirilib
Bakı, 16 dekabr, AZƏRTAC
“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “Azəralüminium” MMC-nin nümayəndə heyəti ilə ADA Universitetinin əməkdaşları arasında işgüzar görüş keçirilib.
ASC-dən AZƏRTAC-a bildirilib ki, ADA Universitetinin rektoru Hafiz Paşayev və “Azəralüminium” MMC-nin direktoru Maksim Cavadov tələbə və məzunların məşğulluq imkanları, elm ilə özəl sektor arasında praktiki əlaqələrin genişləndirilməsi, eləcə də “Azəralüminium”un informasiya texnologiyaları üzrə mütəxəssislərinin həmin sahə üçün hazırlanan kadrların təcrübə keçməsinə cəlb olunması və ümumilikdə bu qəbildən əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində müzakirələr aparıblar.
Qeyd olunub ki, IT üzrə mütəxəssislərin hazırlanması layihənin ilkin mərhələsidır. Layihənin davamı olaraq biznesin idarə olunması, marketinq və digər sahələr üzrə yeni kadrların hazırlanması, həmçinin elmi potensialdan istifadə etməklə sahibkarlığın inkişafı üçün tələb olunan statistika və təhlillərin aparılması istiqamətində əməkdaşlığın qurulması da nəzərdə tutulur.
“Azəralüminium” MMC və ADA Universiteti arasında həyata keçirilən bu qəbildən layihələr tələbələr arasında biznes ideyalarının yaranması, innovativ təşəbbüslərin gerçəkləşməsi, iqtisadiyyatın müxtəlif sahələri üzrə araşdırmaların aparılmasına dair birgə proqramların həyata keçirilməsi baxımından əhəmiyyət daşıyır.