İQTİSADİYYAT
Azərbaycan 2015-ci ildə özünün sementə olan ehtiyacını tam ödəyəcəkdir
Bakı, 21 oktyabr (AZƏRTAC). Azərbaycan 2015-ci ildə özünün sementə olan ehtiyacının tam ödəyəcəkdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Bakıda keçirilən II Avrasiya sement istehsalçılarının forumunda iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov bildirmişdir.
Nazir müavini qeyd etmişdir ki, “Holcim” şirkətinin (Qaradağ sement zavodu) istehsalının müasirləşdirilməsi, “Akkord” və “Norm” şirkətlərinin zavodlarının tam güclə işə salınması Azərbaycana özünün sement tələbatını 2015-ci ildə 100 faizə çatdırmağa imkan verəcəkdir. 2012-ci ildə bu göstərici 44 faiz olmuşdur.
N.Səfərov demişdir: “Son 10 ildə ölkədə bütün sənaye məhsullarının üç dəfə artması fonunda tikinti materialları istehsalı 2,5 dəfə artmışdır. Sement istehsalında artım 2,3 dəfə, beton qarışığında 11 dəfə, asfaltda 4 dəfə, tikinti kərpicinin istehsalında isə dörd dəfədən çox artım olmuşdur. Ölkədə tikinti materiallarının istehsalı ilə məşğul olan müəssisələrin sayı 11,7 faiz artmışdır. Bu sahədə özəl sektorun xüsusi çəkisi 94 faizədək çoxalmışdır”.