REGİONLAR
Azərbaycan – dünyam mənim
III “Məmməd Araz Poeziya günü”nün növbəti tədbiri Neftçalada keçirilib
Bakı, 6 oktyabr, AZƏRTAC
Neftçala Rayon Mərkəzi Kitabxanasının həyətində məktəblilər qonaqları - Milli Məclisin deputatı, yazıçı Aqil Abbası, “Ədalət” qəzetinin baş redaktoru, Əməkdar jurnalist İradə Tuncayı, “Ədəbiyyat qəzeti”nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turanı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin elmi işçisi Mehriban Sərdarovanı, “Məmməd Araz Poeziya günü” layihəsinin rəhbəri Qardaşxan Əzizxanlını gül-çiçəklə qarşıladılar - şairin qızı, tanınmış yazarlar onlarla görüşə gəlmişdi.
AZƏRTAC xəbər verir ki, Neftçala rayon mərkəzi kitabxanasında III “Məmməd Araz Poeziya günü” və şairin anadan olmasının 85-ci ildönümü münasibətilə keçirilən “Azərbaycan-dünyam mənim” adlı ədəbi gecə ənənəvi olaraq unudulmaz ustad sənətkarın öz ifasında lentə alınmış şeirinin səsləndirilməsi ilə başlayıb.
Foyedə şairin kitablarından, hikmətli söz, aforizm səciyyəli misralarından ibarət sərgi təqdim edilib.
Mərasimdə Azərbaycan Yazıçılar Birliyinin üzvləri Soltan Abbas, İmamverdi Zeynalov, həmçinin Əməkdar müəllim Tədbir Mahmudov, şair Zabil Perviz böyük söz sərrafı ilə bağlı xatirələrini bölüşüblər. Gənc şair Elnur Uğur, dil-ədəbiyyat müəllimi Etibar Əbilov Məmməd Araz poeziyasının özünəməxsusluğunu vurğulayıblar.
Tədbirdə Muğan liseyi, Surra kənd məktəbi, 1 və 4 nömrəli şəhər orta məktəblər, Bankə qəsəbəsi 1 nömrəli orta məktəb təmsil olunub. Məktəblilər Şahnaz Əsgərzadə, Sonaxanım Nağızadə, Çinarə Nağıyeva, Miranə Babayeva, Elvin Gözəlov, Jalə Bayramova, Nərgiz Əliyeva, Əlimirismayıl Hüseynzadə, Fatimə Kərimova, həmçinin Neftçala Səhər Bələdiyyəsinın əməkdaşı Jalə Sərdarzadə Məmməd Arazın şeirlərini ifa etdilər.
A.Abbas, A.Turan, İ.Tuncay, M.Sərdarova və Q.Əzizxanlı Məmməd Arazın zəngin poeziya dünyasından, şairin Azərbaycan ədəbiyyatına töhfələrindən danışıblar.
Sonda məktəblilərə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşəkkürnamələri təqdim edilib.