MƏDƏNİYYƏT
Azərbaycan - Özbəkistan təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsi Dostluq Cəmiyyəti ilə müzakirə olunub
Bakı, 25 avqust, AZƏRTAC
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinovla görüşüb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən görüşdə Prezident İlham Əliyevin Özbəkistana səfərindən sonra iki ölkə arasında bütün sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaradılmış yeni imkanlar dəyərləndirilib.
Görüşdə Özbəkistan və Azərbaycan ali məktəbləri arasında əlaqələrin daha da genişləndirilməsi, təhsildə keyfiyyətin və səmərəliliyin qiymətləndirilməsi, təhsil müəssisələri arasında müəllim və tələbə mübadiləsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rəhbərliyinin ölkəmizə səfərinin təşkili və Azərbaycanın müvafiq universitetləri ilə görüşlərin keçirilməsi, əlaqələrin yaradılması, Özbəkistanda təşkil olunacaq Azərbaycan kino günləri və Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak və bu tədbirlərə hazırlıq, iki ölkə arasında tarixi dostluq və əməkdaşlığa dair birgə layihələrin icrası da görüşün əsas müzakirə mövzularından olub.
Görüşdə Erkin Nuriddinov uzun illər araşdırmaları ilə ərsəyə gətirdiyi, Azərbaycan-Özbəkistan tarixi dostluğu və əməkdaşlığına həsr olunan monoqrafiyanın ilkin variantını Samir Abbasova təqdim edib və monoqrafiyada əks olunacaq mövzular ətrafında fikir mübadiləsi aparılıb. Monoqrafiya bu il Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə çap olunması nəzərdə tutulub.
Görüşdə Samir Abbasov Buxara şəhərində dəfn olunmuş tanınmış azərbaycanlı mütəfəkkir Yusif Qarabağinin xatirəsinin əbədiləşdirilməsi və bu məqsədlə Azərbaycan Mədəniyyət Mərkəzinin Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti ilə birgə təşəbbüslə çıxış etməsini bildirib və bu barədə razılıq əldə olunub.
Qeyd edək ki, Yusif Qarabaği öz elmi və ədəbi fəaliyyəti ilə Orta Asiyada, indiki Özbəkistan ərazisində məşhurlaşmış, dövrünün hörmətli elm və din xadimi olub.