ELM VƏ TƏHSİL
Azərbaycan alimi beynəlxalq tədbirdə çıxış edib
Bakı, 27 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov Belarusun paytaxtı Minskdə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nüvə enerjisinin dinc məqsədlər üçün istifadəsi məqsədi ilə Şərqi Avropa və Orta Asiya ölkələrinin STAR-NET vahid təhsil şəbəkəsinin yaradılması ilə bağlı keçirilən seminarda iştirak edib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə altı MDB ölkəsindən 18 universitetin nümayəndəsi və Beynəlxalq Atom Enerjisi Agentliyinin ekspertləri iştirak ediblər.
Ekspert V.Kolomiets STAR-NET şəbəkəsinin yaradılmasının əhəmiyyətindən söz açıb. O, BAEA-nın bu layihəni dəstəklədiyini vurğulayıb. Qeyd edib ki, bu ölkələrdə nüvə enerjisinin dinc məqsədlər naminə istifadəsi üçün vahid təhsil məkanın yaradılmasının xüsusi əhəmiyyəti var və bu şəbəkəyə qoşulan ölkələr onun bütün resurslarından istifadə edəcəklər.
Beynəlxalq Atom Enerjisi Agentliyinin eksperti, professor Andrey Kosilov bildirib ki, hazırda BAEA-nın nəzarəti ilə fəaliyyət göstərən bu cür üç şəbəkə var və bu şəbəkənin üzvü olan ölkələr onun imkanlarından istifadə edirlər.
Tədbirdə regional şəbəkənin əsasnaməsinin layihəsi, strukturu və fəaliyyət mexanizmi müzakirə edilib. Qərara alınıb ki, STAR NET-in əlaqələndirmə komitəsinin strukturunda hər ölkədən bir nümayəndə təmsil olunsun. Şəbəkənin prezidentinin, vitse-prezidentinin və katibliyinin səlahiyyətləri müzakirə olunub.
STAR-NET şəbəkəsinin rəsmiləşməsi BAEA-nın 2015-ci ilin sentyabrında Vyanada keçiriləcək toplantısında nəzərdə tutulub.
Beynəlxalq tədbirdə professor M.Ramazanov Azərbaycanda nüvə sahəsində təhsilin yaradılması və idarə edilməsi istiqamətində konsorsimun və vahid platformanın yaradılması mövzusunda çıxış edib. Azərbaycan alimi qeyd edib ki, BDU-da təhsilin bakalavr pilləsində atom və nüvə fizikası fənləri tədris edilir, magistr pilləsində isə yüksək enerjilər fizikası ixtisaslaşması istiqamətində kadr hazırlığı aparılır.